?Nə üçün İbrahim Hadi
2007-ci ilin yayı idi. Tehranın Əminüddövlə məscidində şam namazımı qılırdım. Orada qəribə ab-hava vardı. Namaz qılanların hamısı din alimləri və ruhanilər idi. Mən ikinci sıranın sağ tərəfində axırda dayanmışdım. Şam namazından sonra ətrafıma baxanda hər tərəfdə su gördüm. Məscid dənizin ortasındakı bir ada kimi olmuşdu. Namaza başına ağ əmmamə qoymuş nurani bir qoca imamlıq edirdi. O, yerindən qalxıb üzünü camaata çevirdi və danışmağa başladı. Yanımdakı qocadan soruşdum: "İmamı tanıyırsan?" – Hacı Şeyx Məhəmməd Hüseyn Zahiddir, Hacı ağa Həqşünasın və Hacı ağa Müctəhidinin müəllimi. Şeyx Hüseyn Zahidin mənəvi məqamı barədə çox eşitdiyimdən diqqətlə qulaq asmağa başladım. Məsciddə qəribə sükut vardı. Hamı ona baxırdı. O, irfan və əxlaq mövzusunda danışandan sonra buyurdu: "Dostlar, yoldaşlar! Camaat bizi irfan və əxlaqda böyük adam zənn edir, amma əzizlər, əməli irfan və əxlaq böyükləri bunlardır". Sonra yerdən böyük bir şəkil götürdü. Yaxşı görməkdən ötrü bir qədər boylandım. Əyninə qəhvəyi köynək geyinmiş uzun saqqallı bir adamın fotosu idi. Şəkilə diqqətlə baxıb tanıdım. Mən onu dəfələrlə görmüşdüm. Əmin idim ki, odur - İbrahim Hadi. Onun sözləri mənə çox maraqlı gəldi. Çoxlu din aliminin irfan və əxlaq müəllimi olmuş Şeyx Hüseyn Zahid görəsən, nə üçün belə danışırdı?! O, İbrahimi əməli əxlaq müəllimi adlandırırdı. Bu halda öz-özümə düşündüm: Axı Şeyx Hüseyn Zahid illər öncə dünyasını dəyişib! Həyəcanla yuxudan diksindim. Gecə saat 3 idi: 2007-ci il, 27 rəcəb - həzrət Peyğəmbərin (s) məbəs[1] günü. Bu sadiq röya vücudumu silkələdi. Tez bir kağız götürüb görüb-eşitdiklərimi yazdım. Daha gözlərimə yuxu getmədi, İbrahim Hadi haqda eşitdiyim xatirələr bir-bir yadıma düşdü.
***
Yadımdadır, 1994-cü ilin ramazan ayının son gecəsində Şəhidlər məscidində idim. Qədim cəbhə uşaqları ilə birgə Şəhid İbrahim Hadigilə getdik. Şəhidin anasının yas məclisi idi. Evləri Şəhid Müvafiq küçəsindəki məscidin arxasında yerləşirdi. Hacı Hüseyn Allahkərəm Şəhid Hadi haqda danışmağa başladı. Onun xatirələri maraqlı idi. Mən o zamana qədər heç kim barədə belə sözlər eşitməmişdim. Həmin axşam Allahın lütfü mənə şamil oldu. Mən müharibəni görməmişdim. O, şəhid olanda cəmi yeddi yaşım vardı. Ancaq Allahın istəyi ilə həmin məclisdə iştirak edib xalis bəndələrindən birini tanıya bildim. O söhbətlər illərlə məni düşündürdü. İnana bilmirdim ki, bir döyüşçü bu qədər qəhrəmanlıq etmiş və bu həddə tanınmaz qalmışdır. Daha maraqlısı odur ki, özü Allahdan tanınmaz qalmasını istəyibmiş. İllər ötsə də, hələ cəsədi tapılmamış və barəsində heç nə yazılmamışdı. Və mən bütün dərslərdə uşaqlara ondan danışırdım.
***
Hələ sübh azanına qədər vaxt var idi. Yuxum da qaçmışdı. Bilmək istəyirdim ki, Şeyx Zahid nə üçün İbrahimi əməli əxlaq nümunəsi kimi təqdim etdi. Ertəsi gün İbn Babuyə məzarlığına Şeyx Hüseyn Zahidin qəbri üstə getdim. Üzünü görəndən sonra yuxumun doğruluğuna tam əmin oldum. Artıq şübhəm qalmadı ki, arifləri dağlarda və xanəgahlarda axtarmaq lazım deyil, onlar bizim yanımızda, bizim aramızdadırlar. Həmin gün Şəhid Hadinin yoldaşlarından birini görüb yaxın dostlarının ünvanlarını və telefon nömrələrini aldım. İbrahimi daha yaxından tanımaq qərarına gəlmişdim. Allahdan da yardım istəyirdim. Bəlkə bu, Həzrət Haqqın Öz ixlaslı bəndələrini tanıtmaq üçün üzərimizə qoyduğu vəzifə idi.
[1] Həzrət Məhəmmədə (s) peyğəmbərlik verilən gün