Zorxana

 

İbrahim doqquzuncu sinifdə oxuyanda zorxana idmanı ilə tanış oldu. O, axşamlar Hacı Həsənin zorxanasına gedirdi. Nəccar ləqəbli Hacı Həsən Təvəkkül çox mənəviyyatlı insan idi, Əbu Reyhan liseyinin yaxınlığında bir zorxanası vardı. Onun fiziki və mənəvi mərkəzinin idmançılarından biri də İbrahim idi. Hacı Həsən idmana başlamazdan öncə bir və ya bir neçə Quran ayəsi oxuyur, sonra da bir hədis deyib tərcümə edirdi. O, çox vaxt İbrahimi meydançaya göndərirdi. İbrahim idman hərəkətləri ilə bir Quran surəsi, "Təvəssül" duası və ya Əhli-beyt haqda şeir oxuyur və mürşidə kömək edirdi. İdmanın ortasında şam azanı verilirdi. Uşaqlar idmanı saxlayıb zorxana meydançasının içində Hacı Həsənin imamlığı ilə camaat namazı qılırdılar. Hacı Həsən bununla inqilabdan öncə idmanla yanaşı gənclərə iman və əxlaq dərsi də öyrədirdi. Yadımdadır, bir dəfə uşaqlar paltarlarını geyinir və bir-biri ilə sağollaşırdılar. Birdən bir kişi qucağında uşaq tələsik içəri girdi. Rəngi qaçmışdı və səsi titrəyirdi. - Hacı Həsən, mənə kömək elə. Uşağım xəstədir. Həkimlər heç bir şey edə bilmədilər. Uşaq əldən gedir. Sizin nəfəsiniz pakdır. Siz Allah, dua edin, siz Allah... 

Bunları deyib ağlamağa başladı. İbrahim ayağa qalxıb dedi: “Paltarlarınızı geyinin və meydançaya girin”. Özü də meydançaya keçdi. Orada uşaqlarla birgə bir idman dövrəsi edib Təvəssül duasını zümzümə elədi, sonra da uşaq üçün ürəkdən dua etdi. Həmin kişi də uşağı ilə bir tərəfdə oturub ağlayırdı. İki həftədən sonra Hacı Həsən idmandan sonra dedi: "Uşaqlar, cümə günü nahara dəvətlisiniz". Təəccüblə soruşduq ki, haraya? – Xəstə uşağın atası hamınızı dəvət edib. Allaha şükür, uşağın problemi aradan qalxıb. Həkim deyib ki, uşağın sağalıb. Dönüb İbrahimə baxdım. Heç nə eşitməmiş kimi getməyə hazırlaşırdı. Mən əmin idim ki, İbrahimin ürəkdən oxuduğu Təvəssül duası bəhrəsini vermişdi.

***

İbrahimin görkəmcə dindar olmayan və dini məsələlərlə maraqlanmayan uşaqlarla yoldaşlıq etdiyini dəfələrlə görmüşdüm. Onları idmana cəlb edir, tədricən məscidə və heyətə aparırdı. Belə uşaqların biri digərlərindən çox pis idi, həmişə araq içməyindən və pis işlərindən danışırdı. Din barədə heç nə bilmirdi, namaza, oruca – heç nəyə əhəmiyyət vermirdi. Hətta deyirdi ki, indiyə qədər heç bir dini məclisə getməmişəm. Bir dəfə dedim ki, ağa İbrahim, bunlar kimdir özünlə gətirirsən?! Təəccüblə soruşdu: "Nə olub ki?!" - Dünən axşam bu oğlan sənin arxanca məclisə girdi və mənim yanımda oturdu. Hacı ağa İmam Hüseynin (ə) məzlumluğundan, Yezidin zülmündən danışanda hirslə qulaq asırdı. İşıqlar söndürüləndə isə ağlamaq əvəzinə Yezidə pis söyüşlər verməyə başladı. İbrahim təəccüblə qulaq asırdı. Birdən gülməyə başladı. - Eybi yoxdur, bu oğlan indiyə qədər əzadarlıqda olmayıb, ağlamayıb. Əmin ol ki, İmam Hüseynlə (ə) dostlaşandan sonra dəyişəcək. Biz bu uşaqları dinə gətirsək, böyük iş görmüş olarıq. İbrahimin həmin oğlanla dostluğu elə bir həddə çatdı ki, o, bütün yanlış işlərini kənara qoyub yaxşı idmançılardan birinə çevrildi. Bir neçə aydan sonra idmandan çıxanda bir qutu şirniyyat paylayıb dedi: "Dostlar, mən sizin hamınıza borcluyam. Mən ağa İbrahimə borcluyam. Allahdan çox razıyam. Sizinlə tanış olmasaydım, Allah bilir, indi haradaydım..."

Biz təəccüblə ona baxırdıq. Uşaqlarla bayıra çıxdıq və yolda İbrahimin işləri haqda danışdıq. O, çox gözəl şəkildə uşaqları bir-bir idmana cəlb edir, sonra məscidə və əzadarlığa aparıb, özü demiş, İmam Hüseynə (ə) təhvil verirdi. Peyğəmbərin (s) həzrət Əliyə buyurduğu bir hədis yadıma düşür: "Ey Əli, əgər bir nəfərin hidayətinə vasitəçi olsan, sənin üçün günəşin saçdığı hər şeydən üstündür".[1]

***

Zorxana idmanının adətlərindən biri budur ki, uşaqlar kollektiv şəkildə digər zorxanalara gedib idman edirlər. Ramazan ayında bir axşam biz də Kərəcdəki bir zorxanaya getdik. O axşam yadımdan çıxmaz. İbrahim şeir və dua oxuyur, idman edirdi. Uzun müddət idi meydançada zorxana hərəkətləri edirdi. Meydançadakı uşaqlar bir neçə dəfə dəyişildilər, İbrahimsə hələ idman edir və heç kimə fikir vermirdi. Yuxarıda bir kişi oturub uşaqların idmanına baxırdı. O, mənə yaxınlaşdı, İbrahimi göstərib narahat halda dedi: "Ağa, bu cavan kimdir?" – Necə məgər? – Mən bura gələndə idman edirdi. Təsbehlə onun idmanını saydım. İndiyə qədər 700 dəfə dövrə vurub. Sən Allah, onu yuxarı qaldır, indi özündən gedəcək. İdman qurtaranda İbrahim əsla yorğun görünmürdü, sanki dörd saat idman etməmişdi. İbrahim bu işləri güclənmək üçün görür və həmişə deyirdi: "Allaha və Onun bəndələrinə xidmət etmək üçün bədənimiz güclü olmalıdır”. O, daim dua edirdi ki, İlahi, Sənə xidmət etmək üçün bədənimi gücləndir.[2]  İbrahim həmin günlərdə özünə bir cüt mil və çox ağır bir səng daşı aldı. Çox dillərə düşmüş və məşhurlaşmışdı. Bir müddətdən sonra isə daha uşaqların yanında belə işlər görmədi. O deyirdi: "Bu işlər insanın lovğalanmasına səbəb olur. Camaat kimin daha güclü olduğuna baxır. Mən digərlərinin önündə ağır idmanlar etsəm, dostlarımın zəif görünməsinə və özümü göstərməmə səbəb olar ki, bu da düzgün deyil". Ondan sonra miyandar olanda birinin yorulduğunu hiss edən kimi idmanı dəyişdirirdi. İbrahimin güclü bədəni bir dəfə özünü göstərdi - güləş üzrə dünya çempionu Seyid Hüseyn Təhami zorxanaya gəlib uşaqlarla idman edəndə.

 

 

[1] "Bihar əl-ənvar", c. 5, s. 28.

[2] Dua Kumeyl duasındandır.

Comments (0)

Rated 0 out of 5 based on 0 voters
There are no comments posted here yet

Leave your comments

  1. Posting comment as a guest. Sign up or login to your account.
Rate this post:
Attachments (0 / 3)
Share Your Location