Pəhləvan

Güləş üzrə dünya çempionu Seyid Hüseyn Təhami Hacı Həsənin xətrini çox istəyirdi. Bir dəfə bizim zorxanaya gəlib uşaqlarla idman elədi. O, bir müddət idi yarışlara çıxmırdı, amma hələ çox güclü bədəni vardı. İdmandan sonra üzünü Hacı Həsənə tutub dedi: "Hacı, mənimlə güləşə bilən kimsə varmı?" Hacı Həsən uşaqlara baxıb dedi: "İbrahim". Sonra da işarə ilə onun meydançaya girməsini istədi. Pəhləvan güləşində adətən, yerə yıxılan idmançı uduzur. Güləş başladı. Hamımız tamaşa edirdik. Uzun müddət güləşdilər, heç biri yerə yıxılmadı. Hər ikisi çox yoruldu, amma heç biri qalib gələ bilmədi. Güləşdən sonra Seyid Hüseyn ucadan deyirdi: "Bərəkallah! Bərəkallah! Necə cəsarətli gəncdir! Maşallah, pəhləvan!”

***

İdman bitmiş, Hacı Həsən gözünü İbrahimin üzünə dikib durmuşdu. İbrahim yaxınlaşıb təəccüblə dedi: "Bir şey olub, hacı?" Hacı Həsən bir neçə saniyəlik sükutdan sonra dedi: "Qədimdə bu Tehranda Hacı Seyid Həsən Rəzzaz və Hacı Sadiq Büllurfüruş adlı iki pəhləvan vardı. Onlar çox yaxın dost idilər. Güləşdə heç kim onlarla bacarmırdı. Həm də onlar Allahın saleh bəndələri idilər. İdmanı həmişə bir neçə Quran ayəsi və qısa bir rövzə ilə, İmam Hüseyn (ə) əzasında dolmuş gözlərlə başlayardılar. Hacı Məhəmməd Sadiqin və Hacı Seyid Həsənin isti nəfəsləri xəstələrə şəfa verirdi”. Sonra sözünə davam etdi: "İbrahim, mən səni onlara bənzədirəm". İbrahim də gülümsəyib dedi: "Yox, hacı, biz hara, onlar hara?!" Bəzi uşaqlar Hacı Həsənin İbrahimi belə tərifləməsindən narahat oldular. Ertəsi gün Tehranın zorxanalarından birindən beş pəhləvan gəldi. Qərara gəldik ki, idmandan sonra bizim uşaqlarımızla güləşsinlər. Hacı Həsənin hakimliyini hamı qəbul etdi. İdmandan sonra yarış başlandı. Dörd güləş yarışı baş tutdu. İkisində bizim uşaqlarımız qalib gəldilər, ikisində onlar. Lakin son güləşdə bir qədər ara qarışdı. Onlar Hacı Həsənin başına qışqırırdılar. Hacı Həsən də çox narahat olmuşdu. Növbəti güləş İbrahimlə qonaqların biri arasında olacaqdı. Onlar İbrahimi yaxşı tanıdıqlarına görə uduzacaqlarına əmin idilər. Buna görə aranı qarışdırırdılar ki, uduzsalar, günahı hakimin boynuna atsınlar. Hamı hirslənmişdi. Bir neçə saniyədən sonra İbrahim meydançaya girdi. Təbəssümlə bütün qonaqlarla görüşdü. Səmimiyyət yenidən ortaya hakim oldu. Sonra dedi ki, mən güləşməyəcəyəm. Hamı təəccüblə bunun səbəbini soruşdu. Bir qədər sükutdan sonra sakitcə dedi: "Bizim dostluğumuzun dəyəri bu işlərdən olduqca böyükdür". Sonra da Hacı Həsənin əlini öpdü və bir salavatla yarışın bitdiyini elan etdi. Həmin gün zahirən qalib və məğlub olmadı, lakin əsl qalib İbrahim idi. Geyinib getmək istəyəndə Hacı Həsən hamımızı çağırıb dedi: "Bildiniz ki, nə üçün İbrahimin pəhləvan olduğunu deyirdim?!" Hamımız susduq. Hacı Həsən sözünə davam etdi: "Baxın, uşaqlar, pəhləvanlıq bu gün gördüyünüzdür. İbrahim bu gün öz nəfsi ilə güləşdi və qalib gəldi. İbrahim Allaha görə onlarla güləşdən imtina etdi və bununla kin-küdurətin qarşısını aldı. Uşaqlar, pəhləvanlıq gözlərinizlə gördüyünüz bu işdir”.

***

İbrahimin pəhləvanlıq dastanları davam edirdi. Nəhayət, inqilabi proses başlandı. Uşaqların əksəri inqilaba qoşuldu və klassik idmanda iştirakları çox azaldı. Bir gün İbrahim təklif etdi ki, sübh namazını zorxanada cəm halda qılaq, sonra da idman edək. Hamı qəbul etdi. Ondan sonra hər gün sübh azanı vaxtı zorxanaya toplaşırdıq. Sübh namazını cəm halda qılıb idmana başlayırdıq, sonra da bir qədər səhər yeməyi yeyib işlərimizin ardınca gedirdik. İbrahim buna çox sevinirdi. Çünki həm uşaqların idmanı tətil olmurdu, həm də sübh namazını cəm halda qılırdılar. O, əziz İslam Peyğəmbərinin bu hədisini həmişə oxuyurdu: "Sübh namazını cəm halda qılmaq mənim üçün səhərə qədər oyaq qalıb ibadət etməkdən üstündür". Müharibə başlayanda zorxananın fəaliyyəti çox zəiflədi. Uşaqların çoxu cəbhələrə yollandı. İbrahim də Tehrana az gəlirdi. Bir dəfə gələndə öz idman alətlərini apardı və cəbhədə zorxana idmanı təşkil etdi. Əsl pəhləvan yetişdirməkdə Hacı Həsən Təvəkkülün zorxanası dillər əzbəri olmuşdu. Orada İbrahimdən başqa da Allah dərgahında pəhləvanlıqları isbat olunmuş çoxlu gənclər vardı. Onlar öz qanları ilə imanlarını qorudular. Hacı Həsənin zorxanasının gözəl və mənəvi dövrü müqəddəs müdafiənin ilk illərində zorxananın mürşidi Şəhid Həsən Şahabinin, Əmmar briqadasının komandiri Şəhid Əsğər Rəncbəranın, habelə Seyid Salehinin, Məhəmməd Şahrudinin, Əli Xürrəmdilin, Həsən Zahidinin, Seyid Məhəmməd Sübhaninin, Seyid Cavad Məcdpurun, Rzapəndin, Həmdullah Muradinin, Rza Huryarın, Məcid Fəridvəndin, Qasim Kaziminin, İbrahimin və digərlərinin şəhadəti, Hacı Əli Nəsrullahın, Mustafa Hərəndinin, Əli Müqəddəmin əlilliyi və Hacı Həsən Təvəkkülün vəfatı ilə sona çatdı. Bir müddətdən sonra isə zorxananın yerində yaşayış binası tikildi və bizim klassik idman dövrümüz tarixə qovuşdu.


Comments (0)

Rated 0 out of 5 based on 0 voters
There are no comments posted here yet

Leave your comments

  1. Posting comment as a guest. Sign up or login to your account.
Rate this post:
Attachments (0 / 3)
Share Your Location