İbrahimin güclü qolları hələ doqquzuncu sinifdən onun bir çox idmanlarda mahir olduğunu göstərdi. O, idman saatlarında həmişə voleybol oynayardı. Heç kim ona bata bilmirdi. Bir dəfə təkbaşına altınəfərlik bir komandaya qarşı oynadı. Ona topa üç zərbə vurmaq icazəsi verilmişdi. Bizim hamımız, o cümlədən idman müəllimi onun necə qələbə çaldığını gördük. Ondan sonra İbrahim çox vaxt voleybolu təkbaşına oynayırdı. Tətil günlərində çox zaman 17 Şəhrivər xiyabanındakı yanğınsöndürmə məntəqəsinin arxasında oynayırdıq. Çoxlu iddialılar gəlir, amma İbrahimə uduzurdular. İbrahimin ən yaxşı voleybol xatirəsi müharibə dövrünə və Gilanqərb şəhərinə aiddir. Orada bir voleybol meydançası var idi. Bir gün döyüş zonalarına baş çəkmək üçün Gilanqərbə bir neçə mikroavtobus adam gəldi. Onlara Bədən Tərbiyəsi Komitəsinin sədri ağa Davudi başçılıq edirdi. O, liseydə İbrahimin idman müəllimi olmuşdu və onu yaxşı tanıyırdı. Ağa Davudi İbrahimə bir qədər idman aləti verib dedi ki, məsləhət bildiyiniz şəkildə istifadə edin. Sonra əlavə etdi: "Bizim dostlarımız müxtəlif idman sahələrindəndirlər və buranı ziyarətə gəliblər". İbrahim idmançılarla söhbət etdi, onlara şəhərin müxtəlif yerlərini göstərdi. Nəhayət, voleybol meydançasına çatdıq. Ağa Davudi dedi: "Tehranın voleybol komandasının uşaqlarından bir neçəsi bizimlə gəlib. Bir yarışa nə deyirsiniz?" Günorta saat 3-də yarış başlandı. Bir tərəfdə üçü peşəkar voleybolçu olan beşnəfərlik bir komanda yarışırdı, digər tərəfdə də İbrahim təkbaşına. Çoxlu tamaşaçı vardı. İbrahim adəti üzrə ayaqyalın, şalvarının balağını qatlamış halda və alt köynəklə oyuna çıxdı. Elə yaxşı oynadı ki, hamı mat qaldı. Həmin oyun 10 qol fərqi ilə İbrahimin xeyrinə bitdi. Sonra idmançılar İbrahimlə şəkil çəkdirdilər. Onlar sadə bir döyüşçünün peşəkar idmançılar kimi oynamasına inanmırdılar. Bir dəfə Dokuhə qarnizonunda döyüşçülərə İbrahimin voleybol oynamasından danışdım. Uşaqların biri gedib voleybol topu gətirdi, sonra da iki komanda yığıb İbrahimi səslədi. İbrahim oynamaq istəmirdi, lakin biz israr edəndən sonra dedi: "Onda mən tək oynayacağam". Oyundan sonra komandirlərin bir neçəsi dedi: “İndiyə qədər bu qədər gülməmişdik. İbrahim hər dəfə zərbə vuranda bir neçə nəfər topa qaçıb bir-birinə dəyir və yıxılırdılar”. Sonda İbrahim böyük fərqlə qalib gəldi