Güləş

İbrahim zorxana idmanına başlayandan az sonra dostlarının və Hacı Həsənin tövsiyəsi ilə güləşə də başladı. O, Xorasan meydanının yaxınlığında yerləşən Əbu Müslim klubuna adını yazdırdı və 53 kq. çəki ilə idmana başladı. Ağa Qudərzi və ağa Məhəmmədi həmin dövrdə İbrahimin müəllimləri idilər. Ağa Məhəmmədi əxlaq və rəftarına görə İbrahimi çox sevirdi. Ağa Qudərzi də güləş fəndlərini ona çox yaxşı şəkildə öyrədirdi. O həmişə deyirdi: "Bu oğlan çox sakitdir, güləşəndə isə pələng kimi hücum edir, xal almayınca buraxmır". Buna görə İbrahimə Yatmış pələng ləqəbi vermişdi. O tez-tez deyirdi: “Əmin olun ki, bir gün bu oğlanı beynəlxalq yarışlarda görəcəksiniz”. İbrahim yetmişinci illərin əvvəllərində yeniyetmələr üzrə Tehran kubokunda iştirak etdi və bütün rəqibləri üzərində qələbə çaldı. Bundan sonra 15 yaşında olmasına baxmayaraq, ölkə çempionatına vəsiqə qazandı. Yarış oktyabr ayının sonlarında keçirilirdi. Lakin İbrahim yarışda iştirak etmədi. Müəllimləri çox narahat oldular. Sonra öyrəndik ki, yarış şahın vəliəhdinin iştirakı ilə keçirilmiş, mükafatları da o, təqdim etmişdir. İbrahim buna görə yarışdan imtina etmişdi. Növbəti ildə təhsil mərkəzləri turnirində iştirak etdi və birinci yerə çıxdı. Həmin ildə Tehran şəhəri üzrə yarışda da 62 kq. çəkidə iştirak etdi. Bir ildən sonrakı yarışlarda səmimi bir dostunun onunla eyni çəkidə, yəni 68 kq.-da yarışdığını bilib, bir sonrakı kateqoriya üzrə, yəni 74 kq. çəkidə yarışa qatıldı. O yarışda İbrahim çox möhtəşəm çıxış etdi və 18 yaşlı bir gənc 74 kq. üzrə birinci oldu. İbrahimin ayaqla ilişdirmə fəndində xüsusi məharəti vardı. Güclü və uzun qollarından zamanında və düzgün istifadəsi onun əsl güləşçiyə çevrilməsinə səbəb oldu.

***

İbrahim səhər tezdən güləş çantasını götürüb evdən çıxdı. Qardaşımla mən də yola düşdük. Hara gedirdisə, arxasınca gedirdik. Nəhayət, indiki 7 Tir idman zalına girdi. Biz də arxasınca içəri girdik və tamaşaçıların arasında oturduq. Zal dolu idi. Bir saatdan sonra güləş yarışı başlandı. İbrahim həmin gün bir neçə nəfərlə güləşdi və hamısına qələbə çaldı. Birdən gözü bizə sataşdı. Tamaşaçıların arasında oturub onu alqışlayırdıq. Hirslə bizə yaxınlaşdı. – Nə üçün gəlmisiniz? – Elə belə. Arxanca gəldik ki, görək hara gedirsən. – Necə yəni?! Bura sizin yeriniz deyil. Tez qalxın, evə gedək. Mən təəccüblə dedim: "Məgər nə olub?" – Burada qalmamalısınız. Qalxın! Qalxın, gedək! Onun danışdığı yerdə birdən səsucaldandan deyildi: "74 kq. üzrə yarımfinal güləşi: ağa Hadi və ağa Tehrani". İbrahim bir döşəyə baxdı, bir də bizə. Bir neçə saniyə dayanıb döşəyə çıxdı. Biz də qışqırıb onu alqışlayırdıq. İbrahimin müəllimi dayanmadan qışqırıb ona nə etməli olduğunu deyirdi, İbrahim isə yalnız müdafiə olunurdu. Hərdən bizə də bir göz atırdı. Müəllimi çox hirslənmişdi, qışqırırdı: "İbrahim, nə üçün güləşmirsən? At görüm". İbrahim gözəl bir fəndlə rəqibini yerdən qaldırdı, bir dövrə fırladıb möhkəm yerə çırpdı. Lakin hələ güləş bitməmiş döşəkdən bayıra çıxdı. Həmin gün bizə çox hirsləndi. Qayıdanda dedi: "Adam güclənmək üçün idman etməlidir, çempion olmaq üçün yox. Mən də müxtəlif fəndləri öyrənmək üçün yarışda iştirak edirəm, başqa məqsədim yoxdur". Mən dedim: "Məgər adamın çempion olub məşhurlaşması pisdir?" Bir neçə saniyə dayanıb dedi: "Məşhurlaşmaqdan önəmlisi adam olmaqdır". İbrahim həmin gün finala çıxdı, amma yarış bitmədən bizimlə birgə evə qayıtdı. O bununla şan-şöhrətin və çempionluğun onun üçün əhəmiyyətli olmadığını sübut etdi. İbrahim İmam Xomeyninin məşhur cümləsini həmişə deyərdi: "İdman həyatın məqsədi olmamalıdır".


 

Comments (0)

Rated 0 out of 5 based on 0 voters
There are no comments posted here yet

Leave your comments

  1. Posting comment as a guest. Sign up or login to your account.
Rate this post:
Attachments (0 / 3)
Share Your Location