Nəfsi ram etmək

Tehrana güclü yağış yağmış, 17 Şəhrivər xiyabanını su basmışdı. Yolun o tərəfinə keçmək istəyən bir neçə qoca məyus halda dayanmışdı. İbrahim oraya gələn kimi şalvarının balağını qatladı, qocaları belinə götürüb yolun o tərəfinə keçirdi. O, tez-tez belə işlər görürdü. Məqsədi yalnız öz nəfsini ram etmək idi. Xüsusən də uşaqların arasında ad-san çıxardığı vaxtlarda belə edirdi.

***

İbrahimlə birgə gedirdik. Yay fəsli və axşamüstü idi. Bir küçəyə çatdıq. Uşaqlar futbol oynayırdılar. Biz keçəndə bir oğlan topa möhkəm zərbə vurdu. Top düz İbrahimin üzünə dəydi. O, ağrıdan yerə oturdu. Üzü qıpqırmızı olmuşdu. Mən çox hirsləndim. Uşaqların hamısı qorxudan qaçırdı. İbrahim oturduğu yerdə əlini çantasına saldı, qoz sellofanını götürüb qışqırdı: "Uşaqlar, haraya getdiniz?! Gəlin qoz yeyin". Sonra da sellofanı futbol qapısının yanına qoydu və yola düşdük. Yoda təəccüblə soruşdum: "Dadaş İbrahim, bu nə iş idi?" – Yazıqlar qorxdular. Axı bilə-bilə vurmadılar. Sonra yenidən söhbətimizə qayıtdı və mövzunu dəyişdi. Mən bilirdim ki, yalnız böyük insanlar həyatlarında belə olurlar.

***

Güləş zalında məşqə hazırlaşırdıq. İbrahim, ondan az sonra da dostlarımızdan başqa birisi gəldi. O, içəri girən kimi dedi: "İbrahim can, boy-buxunun və yaraşığın hamını heyran qoyub. İki qız səndən danışa-danışa arxanca gedirdi. Qəşəng şalvar-köynək geyinmisən, əlində də idman çantası”. İbrahimə baxdım. O, narahat idi, fikrə getmişdi. Belə bir söz gözləmirdi. Növbəti dəfə məşqdə İbrahimi görən kimi məni gülmək tutdu. Uzun köynək və enli şalvar geyinmişdi. İdman çantasının yerinə paltarlarını sellofan kisəyə tökmüşdü. Ondan sonra idmana belə gəlməyə başladı. Uşaqlar deyirdilər: "Əşi, sən necə adamsan?! Biz idmana gəlirik ki, bədənimiz formaya düşsün, sonra da dar köynək geyinək. Səninsə belə qəşəng forman var, amma enli paltarlar geyinirsən". İbrahim onların sözlərinə əhəmiyyət vermirdi. Dostlarına deyirdi ki, idman Allah üçün olsa, ibadət olar, başqa bir niyyətlə olsa, ziyan edərsiniz.

***

Bir dəfə meydançada futbol oynayırdıq. İbrahim tamaşaçı skamyalarının yanında dayanmışdı. Ona yaxınlaşıb salam verdim. – Nə əcəb, bu tərəflərə gəlmisən?! Əlindəki jurnalı mənə uzatdı. - Şəklini çap ediblər. Sevincimdən uçmaq istəyirdim. Jurnalı almaq istəyəndə əlini geri çəkdi. – Bir şərti var. – Nə desən, qəbuldur. – Nə desəm? – Hə, qəbuldur. Jurnalı verdi. Orta səhifədə mənim böyük bir şəklimi vermiş və yanında yazmışdılar: "Gənclər futbolunda yeni fenomen". Məni çox tərifləmişdilər. Oturub mətni oxudum, jurnalı vərəqlədim, sonra başımı qaldırıb dedim: “Sağ ol, İbrahim can, məni çox sevindirdin. Doğrudan, şərtin nə idi?” Yavaşca dedi: "Nə desəm, qəbul edəcəksən, elə deyil?!" – Hə, de. Bir qədər dayanıb dedi: "Daha futbolla məşğul olma". Yerimdə quruyub qaldım. Təəccüblə dedim: "Daha futbol oynamayım?! Necə yəni?! Mən hələ indi tanınıram”. – Yox, oyna, amma peşəkar futbolla məşğul olma. – Nə üçün? Yaxınlaşıb jurnalı aldı, şəklimi göstərdi. - Bu rəngli fotoya bax. Burada idman paltarında, şortikdə şəklini veriblər. Bu jurnala yalnız biz baxmırıq. Onu hamı görür. Çoxlu qızlar bunu görə, buna baxa bilərlər. Bir az sonra sözünə davam etdi: "Məscid uşağı olduğun üçün bunları deyirəm, yoxsa işim olmazdı. Get, inanclarını gücləndir, sonra peşəkar idmanla məşğul ol ki, sənə problem yaranmasın". Bunları deyib sağollaşdı və getdi. Mən mat-məəttəl qalmışdım. Oturub İbrahimin sözləri haqda çox düşündüm. Həmişə zarafat edən və sadə sözlər danışan bir adamdan belə təklif gözləmirdim. Sonralar onun sözünü real həyatda gördüm. Bəzi namazqılan məscid uşaqlarının inancları güclü deyildi. Onlar peşəkar idmanla məşğul oldular və getdikcə təsir altına düşüb hətta namazlarını da tərk etdilər.

Comments (0)

Rated 0 out of 5 based on 0 voters
There are no comments posted here yet

Leave your comments

  1. Posting comment as a guest. Sign up or login to your account.
Rate this post:
Attachments (0 / 3)
Share Your Location