İbrahim uşaqlığından İmam Xomeynini çox sevirdi. O böyüdükcə bu sevgi də artdı. 1977-ci il idi. Hələ mitinq və yürüşlərdən xəbər-ətər yox idi. Bir cümə səhəri ozamankı Jalə meydanında keçirilən bir dini yığıncaqdan evə qayıdırdıq. Meydandan uzaqlaşmamış dostlarımızdan bir neçəsi bizə qoşuldu. İbrahim bizə İmam Xomeynini tərifləməyə başladı. Sonra da ucadan qışqırdı: "Salam olsun Xomeyniyə!" Biz də onun kimi qışqırdıq. Başqa bir neçə nəfər də bizə qoşuldu. Şəms dördyolunun yaxınlığına qədər şüar deyə-deyə getdik. Bir neçə dəqiqədən sonra bir neçə polis avtomobili bizə hücum etdi. İbrahim tez uşaqları dağıtdı. Biz küçələrə girdik. İki həftə ötdü. Yenə həmin yığıncaqdan sonra İbrahim kinoteatrın önündəki meydanda dayanıb qışqırdı: "Salam olsun Xomeyniyə!" Biz də təkrarladıq. Oradakıların hamısı təkrarlayırdı. Maraqlı səhnə yaranmışdı. Bir neçə dəqiqədən sonra polislər gəlmədən İbrahim hamını dağıtdı. Sonra birlikdə taksiyə minib Xorasan meydanına doğru yola düşdük. Bir qədər gedəndən sonra gördük ki, irəlidə avtomobilləri saxlayıb bir-bir sərnişinlərə baxırlar. Küçədə bir neçə SAVAK avtomobili və təxminən on məmur dayanmışdı. Avtomobillərin içini axtaran məmurun üzü tanış gəldi. O, meydanda şüar verən camaatın arasında idi. İşarə ilə məsələni İbrahimə başa saldım. Növbə bizim taksiyə çatmamış qapını açıb tez səkiyə sarı qaçdı. Küçənin ortasındakı məmur İbrahimi görüb qışqırdı: "Odur! Odur! Tutun onu!" Məmurlar İbrahimin arxasınca qaçdılar. İbrahim küçəyə girdi, onlar da arxasınca. Məmurların başı qarışanda mən də taksinin pulunu verib maşından endim, xiyabanın o tərəfinə keçib yoluma davam etdim. Günorta evə gəldim. Axşama qədər ondan heç bir xəbər öyrənə bilmədim. Yoldaşlarımızdan bir neçəsinə zəng vurdum, onlar da məlumatsız idilər. Çox narahat idim. Təxminən gecə saat 11-də həyətdə oturmuşdum. Birdən küçədən səs eşitdim. Qapını açanda İbrahimin həmişə təbəssümlü üzünü gördüm. Görüşübonu qucaqladım. Çox sevinirdim. Dedim: "Dadaş İbrahim, necəsən?" Dərin nəfəs alıb dedi: "Allaha şükür, görürsən ki, sağ-salamatam". – Şam yeməyini yemisən? – Yox, ac deyiləm Tez evə keçib ona xörək gətirdim. Bir qədər yeyəndən sonra dedi: "Güclü bədən burada işə yarayır. Sayca çox olsalar da, Allahın köməyilə əllərindən qaça bildim". Həmin gecə çox söhbət etdik, inqilabdan, imamdan danışdıq. Sonra da qərara gəldik ki, axşamlar birlikdə Lorzadə məscidinə Hacı ağa Çavuşinin moizəsini dinləməyə gedək. Axşam İbrahimlə və dostlarımızdan üçü ilə birgə Lorzadə məscidinə getdik. Hacı ağa Çavuşi[1] çox qorxmaz adam idi, çoxlarının danışmağa cəsarət etmədiyi sözləri minbərdən deyirdi. O, İmam Musa Kazimdən (ə) belə bir hədis söyləyirdi: "Qumdan bir kişi xalqı haqqa çağıracaq. Dəmir kimi möhkəm insanlar onun ətrafına toplaşacaqlar".[2] Bu, camaata çox maraqlı gəlirdi. Birdən qapı tərəfdə səs-küy qopdu. Gördüm ki, SAVAK məmurları dəyənəklə məscidin önünə tökülüşüb hamını vururlar. Camaat məsciddən çıxmağa tələsirdi. Məmurlar keçən hər bir adamı möhkəm zərbələrlə vururdular. Onlar qadın və uşaqlara da rəhm etmirdilər. İbrahim çox hirsləndi, qapıya qaçıb məmurların bir neçəsi ilə dalaşdı. Namərdlərin neçəsi birdən İbrahimi vururdu. Bu arada yol açıldı, qadın və uşaqların çoxu məsciddən çıxdı. İbrahim cəsarətlə onlarla vuruşurdu. Birdən onların bir neçəsini vurub qaçdı. Biz də onun arxasınca məsciddən uzaqlaşdıq. Sonra öyrəndik ki, həmin axşam hacı ağanı tutublar, bir neçə nəfər şəhid olub və bir neçə nəfər yaralanıb. Orada İbrahimin belinə güclü zərbələr vurulmuşdu. O zərbələrin yaratdığı güclü bel ağrısı ömrünün sonuna qədər davam etdi, onun güləşməsinə də mənfi təsir bağışladı. 1978-ci ildə İbrahimin bütün fikri-zikri inqilab məsələlərinə yönəlmişdi. O, kaset paylayır, bəyanat yayır və çox cəsarət tələb edən digər işlər görürdü. Yayda çoxlu uşaqları özü ilə Qeytəriyyə təpələrinə apardı və Şəhid Müfəttihin fitr bayramı namazında iştirak etdi. Namazdan sonra elan olundu ki, cümə günü Jalə meydanına doğru yürüş olacaq.
[1] O, inqilabçı ruhanilərdən idi və münafiqlər tərəfindən şəhadətə yetirildi.
[2] "Bihar əl-ənvar", c. 60, s. 216.