17 Şəhrivər

Şəhrivərin on yeddisi idi. Motosikletlə İbrahimi götürüb Jalə meydanının yaxınlığındakı dini yığıncağa getdik. Məclis bitdi. Bayırdan çoxlu səs-küy gəlirdi. Gecənin yarısı komendant saatı elan olunmuşdu, çoxlarının isə xəbəri yox idi. Meydanın ətrafında çoxlu əsgər və polis vardı. Çoxlu insan meydana doğru hərəkət edirdi. Polislər səsucaldanla camaatı dağıtmağa çalışırdılar. İbrahim tez məclisdən çıxdı və dərhal qayıdıb dedi: "Əmir, gəl, gör bayırda nə var". Bayıra çıxdım. Göz işlədikcə hər tərəfdən camaat meydana axışırdı. Şüarlar artıq şaha yönəlmişdi. "Şaha ölüm" şüarları əks-səda verirdi. İnsanlar meydana hücum edirdilər. Bəziləri deyirdilər ki, SAVAK məmurları dörd tərəfdən meydanı mühasirəyə almışlar. Bir qədər sonra isə çox heyrətamiz bir hadisə baş verdi. Hər tərəfdən, hətta göydəki helikopterdən də güllə səsləri gəlirdi. Tez gedib motosikleti gətirdim, bir küçədən yol tapdım. Orada polis yox idi. İbrahim yaralıların birini gətirdi. Onu tez 3 Şəban xəstəxanasına apardıq və cəld geri döndük. Günortaya qədər təxminən səkkiz dəfə xəstəxanaya gedib-gəldik; yaralıları qoyub qayıdırdıq. İbrahimin təxminən bütün bədəni qanın içində idi. Yaralıların biri yanacaqdoldurma məntəqəsinin yanına düşmüşdü. Polislər uzaqdan baxırdılar. Heç kim yaralıya yaxınlaşa bilmirdi. İbrahim yaralının yanına getmək istəyəndə onu saxladım. – Getsən, vuracaqlar. İbrahim mənə baxıb dedi: "Əgər o, öz qardaşın olsaydı, bu sözü deyərdin?" Nə deyəcəyimi bilmədim, yalnız bunu dedim ki, özündən muğayat ol. Atəş səsləri azalmış, polislər bir qədər geri çəkilmişdilər. İbrahim sürünə-sürünə çox cəld gedib yaralının yanında uzandı, onu çiyninə qoydu və yenə sürünə-sürünə geri döndü. O, böyük rəşadət göstərdi. Sonra o yaralını başqa biri ilə birgə motosikletə mindirdi və mən yola düşdüm. Qayıdanda polislər yolu bağladılar. Mən İbrahimi itirdim və birtəhər evə qayıtdım. Axşamüstü onlara getdim. Anası nigaran idi. Heç kimin ondan xəbəri yox idi. Çox narahat olduq. Gecə onun qayıtdığını eşidib çox sevindim. O, polislərin əlindən qaçmağı bacarmışdı. Ertəsi gün Behişti-Zəhra (ə) məzarlığına gedib şəhidlərin dəfninə kömək etdik. 17 Şəhrivərdən sonra hər axşam uşaqların birinin evində iclas keçirir və işləri planlaşdırırdıq. Bir müddət İbrahimgilin evinin damı bizim iclas yerimiz oldu, bir müddət Mehdigilin evi və s. Bu iclaslarda hər şeydən, xüsusən də etiqad məsələlərindən və siyasi gündəmdən söhbət gedirdi. Nəhayət, həzrət İmam Xomeyninin İrana qayıdacağını eşitdik. Yanvarın sonları idi. Həzrət imamı mühafizə edən komandaların birinin rəhbərliyi bizə tapşırıldı. Bizim qrupumuz 1 fevralda silahlı şəkildə hava limanına birləşən Azadlıq xiyabanının sonunda yerləşdi. İmam Xomeyninin avtomobilinin giriş səhnəsi yadımdan çıxmır. İbrahim şamın başına fırlanan kəpənək kimi həzrət imamın ətrafına fırlanırdı. İmamın avtomobili keçən kimi cəld uşaqları topladıq və İbrahimlə birgə Behişti-Zəhra (ə) məzarlığına getdik. Behişti-Zəhra (ə) məzarlığının Qum magistralı tərəfdən əsas qapısının təhlükəsizliyi bizə tapşırıldı. İbrahim qapının yanında dayandı, ürəyi isə məzarlıqda idi. İmam Xomeyni orada çıxış edirdi. İbrahim bizə deyirdi: "İnqilabın sahibi gəldi, artıq onun itaətindəyik. Bu gündən imam nə desə, o da icra olunacaq". O gündən sonra İbrahimin yeməyi və yatmağı olmadı. Fəcr ongünlüyünün[1] bir neçə günündə heç kim İbrahimdən xəbər tutmadı. Nəhayət, 9 fevralda onu yenidən gördüm və dərhal harada olduğunu, anasının nigaran qaldığını söylədim. Bir qədər dayanıb dedi: "Bu bir neçə gündə dostumla birgə şəhidlərin kimliyini təyin etməyə çalışırdıq. Ekspertizada onların vəziyyəti ilə maraqlanan bir kəs yox idi”. Fevralın 10-u, gecə idi. İbrahim inqilabçı gənclərin bir neçəsi ilə birgə polis bölməsini ələ keçirməyə başladı. O, həmin gecə 14 saylı məhəllə polisini ələ keçirdi və məhəllədə patrul xidmətinə başladı. Ertəsi gün səhər çağı İslam inqilabının qələbəsi rəsmən elan olundu. İbrahim bir neçə gün idi Əmirlə birgə Rifah mədrəsəsinə gedirdi. O, bir müddət həzrət imamın mühafizəçilərindən oldu, sonra Qəsr həbsxanasına getdi və qısa müddət oranı mühafizə etdi. Həmin müddətdə komitənin uşaqları ilə bəzi tapşırıqlarda iştirak etdi, amma rəsmən komitəyə qoşulmadı.

 

 

[1] İmam Xomeyninin gəlişindən inqilabın qələbəsinə qədərki on gün – 1-

11 fevral arası belə adlanır.

Comments (0)

Rated 0 out of 5 based on 0 voters
There are no comments posted here yet

Leave your comments

  1. Posting comment as a guest. Sign up or login to your account.
Rate this post:
Attachments (0 / 3)
Share Your Location