İnqilabdan bir neçə ay sonra dostlarımızın biri mənə dedi: "Sabah İbrahimlə birgə Bədən Tərbiyəsi Komitəsinə gedin. Komitənin sədri ağa Davudinin sizinlə işi var". Ertəsi gün səhər ünvanı öyrənib komitəyə getdik. Ağa Davudi bizi çox yaxşı qarşıladı. O, İbrahimin orta məktəb müəllimi olmuşdu. Sonra bir neçə nəfərlə birgə bir zala girdik. Ağa Davudi dedi: "Siz inqilabçı idmançılarsınız, komitəyə gəlin və vəzifə götürüb işləyin. Komitənin Yoxlama-nəzarət şöbəsini sizə ayırmışam". Bir qədər danışandan sonra qəbul etdik. Ertəsi gündən işimiz başlandı. Qarşımıza problem çıxanda ağa Davudi ilə məsləhətləşirdik. Yadımdadır, İbrahim bir gün səhər çağı şöbəyə girib soruşdu: "Nə edirsən?" – Heç nə, vəzifədən ixrac hökmünü yazıram. – Kimin üçün? – Məlumat çatıb ki, federasiyalardan birinin rəhbəri qeyri-münasib görkəmdə işə gəlir. İşçilərlə, xüsusən qadınlarla rəftarı da əsla münasib deyil. Hətta deyirlər ki, bəzi məsələlərdə inqilaba qarşı fikirləri var. Üstəlik, həyat yoldaşı da hicabsızdır. Məruzəni yaza-yaza dedim: "Mütləq İnqilab şurasına da bir surətini göndərərik". İbrahim soruşdu: "Məruzəni görə bilərəm?" – Buyur, bu məruzə, bu da ixrac hökmü. Məruzəyə diqqətlə baxıb soruşdu: "Özün bu ağa ilə danışmısan?" – Yox, lazım deyil, onun necə adam olduğunu hamı bilir. – Olmadı. Məgər eşitməmisən ki, yalnız yalançı insan hər eşitdiyini təsdiqləyər?! – Axı həmin federasiyanın uşaqları xəbər verdilər... Sözümü kəsdi. - Bu ağanın ünvanı bizdə var? – Bəli, var. – Gəl, axşamüstü evinə gedək, görək kimdir, sözü nədir. Bir neçə saniyə sükutdan sonra razılaşdım. Axşamüstü işdən sonra ünvanı götürüb motosikletlə getdik. Onun evi Seyid Xəndan körpüsündən yuxarıda yerləşirdi. Küçələrin içində evini axtaranda birdən onu gördüm. Məruzəyə vurulmuş şəkildəki adam idi. Mersedes avtomobilini evin önündə saxladı. Təxminən hicabsız bir xanım maşından enib qapını açdı, sonra həmin şəxs maşınla içəri girdi. Dedim: "Gördün, ağa İbrahim?! Gördün ki, bu adam problemlidir?!” – Gərək danışaq, sonra mühakimə yürüdək. Motosikleti evin önündə saxladım. İbrahim qapının zəngini basdı. O hələ həyətdə idi. Gəlib qapını açdı. Hündür kişi idi, bığ-saqqalını qırxmışdı. Bizi o məhəllədə görməyinə çox təəccübləndi. Diqqətlə baxıb dedi: "Buyurun". Öz-özümə dedim: Əgər İbrahimin yerində olsaydım, buradaca dərsini verərdim. Lakin İbrahim həmişəki sakitliklə gülümsəyib salam verdi və dedi: "Mən İbrahim Hadiyəm. Bir neçə sualım var. Ona görə sizi narahat etdik". O dedi: "Sizin adınız çox tanış gəlir. Bir neçə gün qabaq eşitdim. Deyəsən, komitənin Yoxlama-nəzarəti, eləmi?” İbrahim gülüb dedi: "Bəli". Kişi özünü çox itirdi, israrla deyirdi ki, buyurun içəri. İbrahim dedi: "Çox sağ olun. Sizinlə yalnız bir neçə dəqiqəlik işimiz var, sonra gedəcəyik". İbrahim danışmağa başladı. Təxminən bir saat ötdü, amma zamanın necə keçdiyini əsla hiss etmədik. İbrahim ona hər şeydən danışdı, çoxlu məsəl çəkdi. O deyirdi: "Bax, əziz dost, sizin yoldaşınız özünüzə məxsusdur, başqalarına göstərmək üçün deyil... Həmçinin siz bir idarənin rəhbərisinizsə, işçilərlə, hələ üstəlik, qadın işçilərlə qeyri-münasib zarafatlar etməməli, pis sözlər danışmamalısınız. Siz öz sahənizdə çempion olmusunuz, lakin əsl çempionluq yanlışa son qoymaqdır”. İbrahim sonra inqilabdan, şəhidlərin qanından, imamdan və ölkənin düşmənlərindən danışdı. O da təsdiqləyirdi. Axırda İbrahim dedi: "Bax, mənim əzizim, bu, sizin vəzifədən ixrac hökmünüzdür. Federasiya rəhbəri birdən yerində donub qaldı, boğazı qurudu. Sonra təəccüblə bizə baxdı. İbrahim gülümsəyib kağızı cırdı və dedi: "Əziz dost, mənim sözlərim haqda fikirləş". Sonra sağollaşıb motosikletə mindik. Küçənin başına çatanda geriyə baxdım. O kişi hələ həyətinə girməmişdi və dayanıb bizə baxırdı. İbrahimə dedim: "Ağa İbrahim, çox gözəl danışdın, mənə də təsir etdi". Gülüb dedi: "Əşi, biz kimik ki?! Yalnız Allah, bütün bunları Allah beynimə saldı. İnşallah təsiri olar". Sonra əlavə etdi: "Əmin ol ki, insanları yaxşı rəftar kimi heç bir şey dəyişdirmir. Allah Quranda Peyğəmbərinə buyurur: "Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər".[1]
***
Bir-iki aydan sonra həmin federasiyadan yeni bir məruzə gəldi. Federasiyanın rəhbəri çox dəyişmiş, əxlaq və rəftarı yaxşılaşmışdı. Hətta yoldaşı da işə hicabla gedirmiş. İbrahimi görüb məruzəni verdim. Onun reaksiyasını gözləyirdim. Oxuyandan sonra "Allaha şükür!" – dedi, sonra da söhbəti dəyişdi. Şübhə etmirdim ki, İbrahimin ixlası öz təsirini buraxmış, sözləri federasiya rəhbərini dəyişdirmişdi.
[1] Ali-İmran, 159.