1979-cu ilin yayı idi. Günorta namazlarını qılıb Salman məscidinin önündə İbrahimlə söhbət edirdik. Birdən dostlarımızın biri tələsik gəlib dedi: "İmamın müraciətini eşitdiniz?" Təəccüblə soruşduq: "Yox. Nə olub ki?" – İmam əmr etdi ki, Kürdüstan döyüşçülərini mühasirədən çıxarın. Elə o anda Məhəmməd Şahrudi gəlib dedi: "Mən Qasim Təşəkküri və Nasir Kermani ilə birlikdə Kürdüstana gedirəm". İbrahim dedi: "Biz də gəlirik". Sonra hazırlaşmağa getdik. Günortadan sonra saat 4-də 11 nəfər bir chevrolet blazerlə Kürdüstana yola düşdük. Silahlarımız bir pulemyotdan, dörd tapançadan və bir neçə əl qumbarasından ibarət idi. Yolların çoxu bağlı idi. Bir neçə yerdə torpaq yolla getməyə məcbur olduq. Lakin Allahın köməyi ilə ertəsi gün günorta Sənəndəcə çatdıq. Hər şeydən bixəbər halda şəhərə girib bir qəzet köşkünün önündə dayandıq. İbrahim maşından enən kimi qışqırdı: "Dinsiz, bunlar nədir satırsan?!" Köşkdə bir neçə cərgə spirtli içki düzülmüşdü. İbrahim dərhal silahı götürüb araq şüşələrini vurdu. Şüşələr sınıb yerə töküldü. Qalanını da sındırdı və hirslə köşkdəki gəncə yaxınlaşdı. Gənc çox qorxmuş və köşkün küncünə qısılmışdı. İbrahim onun üzünə baxıb sakitcə dedi: "Oğlan, məgər sən müsəlman deyilsən?! Bu murdarlar nədir satırsan?! Məgər Allah Quranda buyurmayıb ki, bu çirkinliklər şeytandandır və bunlardan uzaqlaşın?!" Gənc təsdiq əlaməti olaraq başını yellədi. O, dayanmadan deyirdi: "Qələt eləmişəm, bağışlayın". İbrahim onunla bir qədər danışdı və sonra birlikdə bayıra çıxdılar. Gəncdən Keşikçilər korpusunun yerini öyrənib yola düşdük. Pulemyotun səsi şəhərin sükutunu pozmuşdu. Küçədə hamı bizə baxırdı. Nəhayət, Sənəndəc korpusuna çatdıq. Korpusun bütün divarlarının önünə torpaq dolu kisələr düzülmüşdü. Ora daha çox hərbi istehkama bənzəyirdi. Bina görünmürdü. Nə qədər qapını döydüksə, açan olmadı. İçəridən deyirdilər ki, şəhər inqilab düşmənlərinin əlindədir, siz də burada qalmayın, hava limanına gedin. Dedik ki, biz sizə kömək etməyə gəlmişik, heç olmasa, deyin görək hava limanı haradadır? Korpus uşaqlarından biri divara yaxınlaşıb dedi: "Bura təhlükəlidir, sizin maşınınızı vura bilərlər. Cəld bu tərəfdən gedib şəhəri tərk edin. Bir qədər aralıda hava limanını görəcəksiniz. İnqilabçı qüvvələr oraya yerləşiblər”. Biz yola düşüb hava limanına getdik və Sənəndəcdə nə baş verdiyini orada anladıq. Korpusun qərargahından və hava limanından başqa hər yer inqilab düşmənlərinin əlində idi. Orada ordunun üç batalyonu var idi, təxminən bir batalyon da korpus qüvvələri. Şəhərin içindən hava limanına raketlər atılırdı. Məhəmməd Bürucerdini ilk dəfə orada gördüm. Qızılı saçı və saqqalı olan bir gənc idi, cəlbedici və gülərüz çöhrəsi vardı. Qardaş Bürucerdi o şəraitdə şəxsi heyəti çox yaxşı idarə edirdi. Sonralar öyrəndim ki, o, qərb korpusunun komandiridir. Ertəsi gün qardaş Bürucerdi ilə iclas keçirdik. Ordu komandirləri də iştirak etdilər. O dedi: "İmamın müraciətindən sonra çoxlu canlı qüvvə yola düşüb, inqilab düşmənləri də çox qorxublar. Şəhərin içində onların iki əsas düşərgələri var. Onlara hücum planı hazırlamalıyıq”. Digər söhbətlər də oldu. İbrahim dedi: "Şəhərin vəziyyətindən görünür ki, əhalinin onlarla heç bir əlaqəsi yoxdur. Yaxşı olar ki, inqilab düşmənlərinin düşərgələrindən birinə hücum edək. Qələbə çalsaq, digərinə gedərik”. Hamı razılaşdı. Qərara gəldik ki, canlı qüvvəni hücuma hazırlayaq. Lakin həmin gün korpus qüvvələrini Pavəyə göndərdilər. Orada yalnız ordu əsgərləri qaldı. İbrahim və digər dostlar bir-bir əsgər səngərlərinə baş çəkdilər, söhbət etdilər və onlarda ruh yüksəkliyi yaratdılar. Sonra da bir maşın qarpız alıb əsgərlərə payladılar. Bu yolla dostluqları möhkəmləndi. Onlar müxtəlif üsullarla şəxsi heyətin hazırlığını artırdılar. Bir gün səhər çağı ağa Xalxali də uşaqlara qoşuldu. Müxtəlif şəhərlərdən digər döyüşçülər də Sənəndəc hava limanına gəldilər. Lazımi hazırlıqdan sonra uşaqlara silah verildi. Günortaya qədər düşmən düşərgələrindən birinə hücum etdik, düşündüyümüzdən də tez mühasirəyə aldıq və inqilab düşmənlərinin çoxunu ələ keçirdik. Düşərgədən çoxlu silahdan əlavə böyük məbləğdə dollar və saxta pasportlar tapdıq. İbrahim onların hamısını böyük bir kisəyə töküb korpusun rəhbərinə təhvil verdi. İnqilab düşmənlərinin ikinci düşərgələri də döyüşsüz ələ keçirildi və şəhər yenidən inqilabçı uşaqların əlinə keçdi. Əsgərlərin komandiri deyirdi: "Bir il də keçsəydi, mənim əsgərlərim belə hücuma cəsarət etməzdilər. Bunu qardaş Hadiyə və digər döyüşçü dostlarına borcluyuq. Onlar əsgərlərlə dostlaşıb onlarda ruh yüksəkliyi yaratdılar”. O zaman çoxlu komandirlər İbrahimə və digər uşaqlara hərbi sirləri və döyüş qabiliyyətlərini öyrətdilər. Bu onları peşəkar döyüşçülərə çevirdi və səmərəsi müqəddəs müdafiə zamanı ortaya çıxdı. Sənəndəc hadisəsi çox çəkmədi; hərçənd Kürdüstanın digər şəhərlərində hələ bəzi döyüşlər davam edirdi. Biz 1979-cu ilin sentyabrında Tehrana qayıtdıq. Qasim uşaqların bir neçəsi ilə birgə Kürdüstanda qaldı və Şəhid Çəmran qüvvələrinə qoşuldu. Qayıdandan sonra İbrahim Bədən Tərbiyəsi Komitəsindən çıxıb müəllimliyə başladı. Əvvəldə onun istəyi ilə razılaşmırdılar, amma çoxlu isrardan sonra baş tutdu. O, elə bir sahəyə daxil oldu ki, orada İbrahim kimilərə böyük ehtiyac vardı və var.