İlk vaxtda namaz

 

Namaz onun bütün fəaliyyətlərinin mərkəzində dururdu. Ən çətin şəraitdə də namazını ilk vaxtda qılırdı. Daha çox məscidə gedib camaat namazında iştirak edir, digərlərini də buna dəvət edirdi. O, İmam Əlinin (ə) buyurduğu bu hədisin real nümunəsi idi: "Məscidə gedib-gələn adam aşağıdakı faydaları götürər: Allah yolunda yoldaşlıq edən qardaş qazanar, elm öyrənər, Allahın rəhməti onu gözləyər, fəlakətdən qurtaran nəsihət eşidər, hidayətinə və günahdan uzaqlaşmasına səbəb olan söz dinləyər".[1] İbrahim hətta inqilabdan öncə sübh namazlarını məsciddə cəm halda qılırdı. Onun rəftarı bizə Şəhid Rəcainin məşhur cümləsini xatırladırdı: "Namaza "işim var" deməyin, işə deyin ki, namaz vaxtıdır". Buna ən yaxşı misal zorxana meydançasında camaat namazı qılmasıdır. Namaz vaxtı olan kimi idmanı dayandırırdı və camaat namazı qılınırdı. Səfərdə və cəbhədə olanda da azan vaxtı yetişəndə azan deyirdi, maşını saxlayıb hamını camaat namazına çağırırdı. İbrahimin uca səsi və gözəl azanı hamının diqqətini cəlb edirdi. O, həzrət Peyğəmbərin bu nurlu kəlamının timsalı idi: "Allah vəd edib ki, azançını və dəstəmaz alıb məsciddə camaat namazı qılan adamı hesabsız cənnətə aparsın".[2] Gənclik çağından özünə bir əba almışdı və çox vaxt onunla namaz qılırdı.

***

1980-ci il idi. Bəsicin proqramı gecənin sonlarına qədər davam etdi. Sübh azanına iki saat qalmış uşaqların işi bitdi. İbrahim uşaqları toplayıb Kürdüstan xatirələrindən danışmağa başladı. Xatirələr həm maraqlı idi, həm də gülməli. Beləliklə uşaqları azana qədər oyaq saxladı. Onlar sübh namazını cəm halda qıldıqdan sonra evlərinə getdilər. Sonra Bəsicin rəhbərinə dedi: "Əgər bu uşaqlar o vaxt getsəydilər, namaza oyanmaları çətin olacaqdı. Siz Bəsicin işini ya tez bitirin, ya da uşaqları azana qədər saxlayın ki, namazları qəza olmasın".

***

İbrahim gündüzlər çox zarafatcıl olurdu. O həm də çox sadə danışırdı. Adətən sübh namazından bir qədər öncə oyanıb gecə namazı qılırdı. O bu işi məxfi şəkildə görməyə çalışırdı. Son zamanlarda isə gecə ibadətləri çoxalmışdı. Bilirdi ki, hədislərdə əsl şiəliyin əlaməti gecə oyanıb namaz qılmaq kimi göstərilmişdir. O, Kumeyl, Nüdbə və Təvəssül dualarını, hər gün sübh namazından sonra isə gündəlik dua və ziyarətnamələri oxuyurdu. O, "Vəcəəlna"[3] ayəsini həmişə zümzümə edirdi. Bir dəfə dedim: "Ağa İbrahim, bu ayə düşmən qarşısında qorunmaqdan ötrüdür, burada düşmən yoxdur axı". Mənalı tərzdə baxıb dedi: "Şeytandan böyük düşmənmi var?!"

***

Bir dəfə yeniyetmələrdən və namaza əhəmiyyətli yanaşmaqdan söhbət düşdü. İbrahim dedi: "Atam dünyasını dəyişəndə çox narahat idim. Birinci axşam qonaqlar gedəndən sonra Allahdan küsmüş kimi namaz qılmayıb yatdım. Məni yuxu tutan kimi yuxuda atamı gördüm. O, qapını açıb hirslə birbaş otağa gəldi. Düz qarşımda dayanıb bir qədər üzümə baxdı. O anda diksinib yuxudan oyandım. Atamın baxışları mənə çox söz dedi. Hələ namaz qəzaya getməmişdi. Ayağa qalxıb dəstəmaz aldım və namazımı qıldım.

***

Onun çox əhəmiyyətli yanaşdığı məsələlərdən biri də cümə namazı idi. Hərçənd cümə namazı qaydasına düşəndə İbrahim ya Kürdüstanda idi, ya da cəbhələrdə. Tehranda olanda isə həmişə cümə namazında iştirak edir və deyirdi: "Bilirsiniz cümə namazının nə qədər savabı və faydası var?!" İmam Sadiq (ə) buyurur: "Allah cümə namazı üçün atılan hər bir addıma görə cəhənnəm odunu haram edər".[4] 

 

[1] "Əl-Məvaiz əl-ədədiyyə", s. 281.

[2] "Müstədrək əl-Vəsail", c. 6, s. 448.

[3] Yasin, 9: Biz onların önlərinə və arxalarına sədd çəkib (gözlərini) bağlamışıq. Buna görə də görmürlər.

[4] Hədislərdə namaz, s. 101.

Comments (0)

Rated 0 out of 5 based on 0 voters
There are no comments posted here yet

Leave your comments

  1. Posting comment as a guest. Sign up or login to your account.
Rate this post:
Attachments (0 / 3)
Share Your Location