İkinci iş

Sentyabrın 29-da korpusun Əməliyyat bölməsinin uşaqları ilə döyüş bölgəsinə getdik. Yolda Həmədan korpusunun qərargahında bir az dayandıq. Günorta azanı idi. Korpus qüvvələri ilə döyüş bölgəsinə gedən qardaş Bürucerdini orada ziyarət etdik. İbrahim azan verirdi. Uşaqlar namaza hazırlaşırdılar. Onlarda qəribə mənəvi hal yarandı. Məhəmməd Bürucerdi dedi: "Əmir ağa, bu İbrahim haralıdır?" – Öz məhəlləmizdəndir, Xorasan meydanından. – Gözəl səsi var. Onu bir-iki dəfə cəbhədə görmüşəm, cəsarətli gəncdir. Mümkün olsa, onu Kermanşaha bizim yanımıza gətir. Camaat namazından sonra yola düşdük. İkinci dəfə idi Sərpol Zəhaba gedirdik. Əsğər Vüsali çox rəşadətli və qorxmaz komandirlərdən idi. O gələndən sonra bölgədə bir qədər sabitlik yaranmışdı. İbrahim onu çox sevir və həmişə deyirdi: "Əsğər kimi cəsarətli, qorxmaz və təşkilatçı bir partizan görməmişəm. O hətta həyat yoldaşını da cəbhəyə gətirib. Özünün silah anbarına bənzəyən peykan avtomobili ilə bütün cəbhələrə baş çəkir”. Əsğər də İbrahim haqda yüksək fikirdə idi. Bir dəfə kəşfiyyat və əməliyyat planı olanda İbrahimə dedi: "Hazırlaş, kəşfiyyata gedək". Əsğər kəşfiyyatdan qayıdanda dedi: "Mən inqilabdan öncə Livanda vuruşmuşam, Kürdüstandakı bütün döyüşlərdə iştirak etmişəm. Bu gənc isə heç bir hərbi təlim görmədən belə məharətlidir və hərbi sirləri çox yaxşı bilir". Məhz buna görə də, əməliyyatlarda İbrahimdən yardım alırdı. Onlar bir hücumda heç bir itki vermədən düşmənin 8 tankını partladıb çoxlu canlı qüvvəsini əsir tutdular. Əsğər Vüsali Əbuzər qarnizonunun binalarından birini könüllü döyüşçülərə verdi, onları lazımi bölüklərə ayırıb şəhərdə nizam-intizam yaratdı. Şəhər bir qədər qaydasına düşəndə İbrahim digər döyüşçülərlə birgə zorxana idmanını təşkil etdi. Hər gün səhər çağı bir qazanla zərb vurub isti nəfəsi ilə oxuyur, Əsğər də miyandar olurdu. J3 silahı zorxana milini əvəzləyirdi. Top mərmilərindən və digər silahlardan da idman alətləri hazırlamışdılar. Komandirlərin biri deyirdi: "O günlərdə şəhərdə qalan əhalinin çoxu, habelə tibb işçiləri və döyüşçü uşaqlar səhərlər zorxanaya gəlirdilər". Beləliklə, onlar şəhərə həyat və ümid ruhunu qaytardılar. İbrahim həqiqətən, böyük insan idi.

***

İmam Sadiq (ə) buyurur: "İnsanın gördüyü hər yaxşı işə bir savab təyin olunub, gecə namazından başqa. Bu namaz o qədər əhəmiyyətlidir ki, Allah onun savabını bəlli etməyərək buyurmuşdur: "Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən sərf edərlər. Etdikləri əməllərin mükafatı olaraq onlar üçün göz oxşayan nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!"[1]  Sərpol Zəhabda qaldığımız qısa müddətdə İbrahim adətən, sübh azanına bir-iki saat qalmış yuxudan oyanır, uşaqlara baş çəkmək adı ilə istirahət yerindən uzaqlaşırdı. Mən şübhə etmirdim ki, o, gecənin oyaqlığından həzz alır və gecə namazı qılır. Bir dəfə sübh azanına bir saat qalmış çətinliklə bir qab tapdı. Qüsl verib gecə namazı qılmağa hazırlaşırdı.

 

 

[1] Səcdə, 16-17

 

Comments (0)

Rated 0 out of 5 based on 0 voters
There are no comments posted here yet

Leave your comments

  1. Posting comment as a guest. Sign up or login to your account.
Rate this post:
Attachments (0 / 3)
Share Your Location