تسبیحات
1980-ci ilin 2 oktyabrı idi. İbrahim iki gün idi yoxa çıxmışdı. Xəbər öyrənmək üçün Müharibə Əsirləri Komitəsinə getdim, amma faydası olmadı. Gecənin yarısına qədər çox narahat halda oyaq idim. Ən səmimi dostumdan heç bir xəbərim yox idi. Sübh namazından sonra bayıra çıxdım. Əbuzər Qarnizonuna qəribə sükut çökmüşdü. Həyətdə torpağın üzərində oturdum. İbrahimlə bağlı bütün xatirələrim gözlərim önünə gəlirdi. Hava hələ işıqlanmamışdı. Birdən səs gəldi, qarnizonun qapısı açıldı və bir neçə nəfər içəri girdi. Havanın alaqaranlığında gözümü onların üzünə dikdim. Birdən diksinib yerimdən qalxdım. Özü idi, onlardan biri İbrahim idi. Qaçdım və onunla görüşüb qucaqlaşdıq. O anın sevinci vəsfə sığmaz. Bir qədər sonra uşaqlarla birgə oturduq. İbrahim həmin üç gündə baş verənləri danışdı: "Bir maşınla irəli getmişdik. İraqlıların haraya qədər gəldiklərini bilmirdik. Bir təpənin yanında mühasirəyə düşdük. Yüzə yaxın düşmən təpədən və düzənlikdən bizə atəş açırdı. Beşimiz də təpənin yanında bir çalaya uzanıb atəş açmağa başladıq. Axşama qədər müqavimət göstərdik. Hava qaralanda onlar geri çəkildilər. Yoldaşlarımızdan yolu tanıyan iki nəfər şəhid oldu. Biz səngərdən çıxdıq. Ətrafda heç kim yox idi. Təpənin arxasındakı ağacların arasına girib şəhidlərin cəsədini gizlətdik. Yorulmuş və acmışdıq. Günəşin batdığı istiqamətdən qibləni təxmin edib namaz qıldıq. Namazdan sonra yoldaşlarıma dedim: "Bu problemi aradan qaldırmaq üçün həzrət Zəhra (ə) təsbehini zikr edin. Qızı çox çətinlikdə olanda Peyğəmbərimiz bu zikri öyrətmişdi". Zikrdən sonra qabaqkı səngərə qayıtdıq. İraqlılar yox idilər, bizim sursatımız da az idi. Birdən təpənin yanında bir neçə düşmən ölüsünü gördüm. Onların silahlarını, patronlarını və əl qumbaralarını götürdük. Yeməyə də bir şey tapıb yola düşdük. Lakin haraya getməli olduğumuzu bilmirdik. Hava qaralmışdı və ətrafımızda geniş düzənlik vardı. Əlimdəki təsbehlə daim zikr deyirdim. Yorğun, qaranlıq gecə, özü də düşmənlərin arasında... Lakin çox soyuqqanlı idik. Gecənin yarısı düzənlikdə torpaq bir yol tapıb getməyə başladıq. Böyük bir posta çatdıq. İçəridə radar da var idi, səngərlər də görünürdü. Oranı bir neçə gözətçi qoruyurdu. Biz harada olduğumuzu bilmirdik, qayıtmağa, sağ qalacağımıza ümidimiz yox idi. Buna görə qəribə bir qərara gəldik. Sonra təsbehlə istixarə etdim və yaxşı gəldi. Biz də işə başladıq. Allahın köməyilə əl qumbarası və avtomat güllələri ilə o postu dağıtdıq. Radarı zərərsizləşdirəndən sonra üçümüz də oradan uzaqlaşdıq və yolumuza davam etdik. Səhərə yaxın təhlükəsiz bir yer tapıb bütün günü istirahət etdik. İnanılası deyildi, çox soyuqqanlı və sakit idik. Hava qaralanda yenə yola düşdük və Allahın köməyilə öz mövqelərimizə çatdıq". Sonra İbrahim əlavə etdi: "Bu müddətdə bizim yaşadıqlarımızın hamısı Allahın lütfü idi. Həzrət Zəhra (ə) təsbehinin zikri bizim çoxlu problemlərimizi həll etdi. Düşmən də imansız olduğuna görə bizimkilərdən qorxur. Biz nizamsız döyüşləri bacardığımız qədər artırmalıyıq".