Bir ay idi müharibə başlamışdı. İbrahim Hacı Hüseynlə və digər dostları ilə birgə Sərpol Zəhabın yaxınlığındakı Əlməhdi qəsəbəsinə gedib orada müdafiə səngərləri qurdular. Cəm halda qılınan sübh namazı bitdi. Uşaqların İbrahimi axtardıqlarını duydum. Təəccüblə nə baş verdiyini soruşdum. Dedilər ki, axşamdan bəri İbrahimdən xəbər yoxdur. Mən də uşaqlarla birgə səngərləri və nəzarət postlarını axtarmağa başladım. İbrahimi görən yox idi. Bir saatdan sonra nəzarət postundakı uşaqların biri dedi: "Qarşıdakı cığırdan bir neçə nəfər buraya gəlir". Həmin cığır düşmənlə bizim aramızda idi. Dərhal posta qalxıb baxdıq. Qolları bağlı on üç düşmən əsgəri bizə doğru gəlirdi. İbrahim və uşaqlardan başqa biri onların arxasından irəliləyirdi. Onlarda çoxlu silah, daraq və əl qumbarası var idi. Heyrətamiz olsa da, İbrahim başqa bir döyüşçü ilə birgə belə bir qəhrəmanlıq etmişdi; özü də Əlməhdi qəsəbəsində silah-sursatın az olduğu bir şəraitdə. Orada bəzi döyüşçülərin silahı da yox idi. Uşaqların biri sevincək yaxınlaşıb ilk düşmən əsgərinin üzünə möhkəm bir sillə vurdu. - Muzdur iraqlı! Bir anlığa hamı sakit oldu. İbrahim əsirlərin yanından keçib həmin gəncin qarşısında dayandı, silahları bir-bir çiynindən yerə qoydu və sonra qışqırdı: "Onu niyə vurdun?" Gənc çox təəccübləndi və dedi: "Nə olar ki?! O, düşməndir". İbrahim gözlərini onun üzünə dikib dedi: "Əvvəla o, düşmən olub, indi isə əsirdir. İkincisi isə bunlar nə üçün bizimlə vuruşduqlarını bilmirlər, sən belə başa salırsan?!" Gənc döyüşçü bir neçə saniyədən sonra dedi: "Bağışlayın, mən bir az həyəcanlandım". Sonra gedib iraqlı əsgərin alnından öpdü və üzr istədi. Təəccüblə bizim hərəkətlərimizi izləyən düşmən əsgəri İbrahimə baxdı. Onun baxışında çoxlu sözlər vardı.
***
Müharibə başlayandan iki ay sonra İbrahim məzuniyyətə gəldi. Dostlarla onu görməyə getdik. İbrahim bizə müharibə xatirələrindən, orada baş verən hadisələrdən danışırdı, özü barədə isə heç nə demirdi. Söhbət döyüşçülərin namazından və ibadətindən düşəndə birdən gülüb dedi: "İlk günlərdə Əlməhdi bölgəsində bizə beş gənc qoşuldu. Onlar bir kənddən birlikdə cəbhəyə gəlmişdilər. Bir neçə gündən sonra bildim ki, namaz qılmırlar. Onlarla söhbət etdim. Çox sadə uşaqlar idilər; nə savadları vardı, nə də namaz qılmağı bilirdilər. Onlar yalnız İmam Xomeynini sevdiklərinə görə cəbhəyə gəlmişdilər. Özləri də namazı öyrənmək istəyirdilər. Mən onlara dəstəmaz qaydasını öyrədəndən sonra uşaqların birini səsləyib dedim: "Bu ağa sizin pişnamazınızdır; nə etsə, təkrarlayın. Mən də sizin yanınızda dayanıb namazın zikrlərini ucadan deyəcəyəm ki, öyrənəsiniz”. İbrahim burada özünü saxlaya bilməyib ucadan güldü. Bir az sonra sözünə davam etdi: "Birinci rəkətdə Həmd surəsini oxuyanda pişnamaz başını qaşımağa başladı. Gördüm ki, onların beşi də başlarını qaşıdılar. Məni bərk gülmək tutdu, amma özümü saxladım. Pişnamaz səcdədən qalxanda möhür alnına yapışmışdı və oradan yerə düşdü. Pişnamaz möhürü götürmək üçün sol tərəfə əyildi. Bir də gördüm ki, onların hamısı sol tərəfə əyilib əllərini uzatdılar. Burada artıq özümü saxlaya bilməyib gülməyə başladım".