Müharibənin başlanmasından bir qədər ötdü. Korpus rəhbərliyi ölkənin qərbində bir iclas keçirdi. Qərara alındı ki, könüllü qüvvələr və korpusun uşaqları müxtəlif bölgələrə bölünsünlər. Beləliklə, uşaqların bir qismi Sərpol Zəhabdan Sumara, bir qismi Mehran və Salehabada, bir qismi də Bostana getdi. Əməliyyat bölgələrinin komandirlərindən olan Hüseyn Allahkərəm Gilanqərb və Neftşəhr korpusunun komandiri təyin olundu. Hüseyn Allahkərəm korpusun səkkizinci və doqquzuncu batalyonlarından bir neçə bölüklə birgə Gilanqərbə yollandı. Zorxana dövründən onunla dost olan İbrahim də Gilanqərbə getdi və onun əməliyyat üzrə müavini təyin olundu. Gilanqərb şəhəri müxtəlif dağların arasında yerləşir. Bu şəhər Neftşəhrdən və sərhəddən 50 km. aralıda, Sərpol Zəhabdan 70 km. cənubdadır. Səddamın qoşunları bu şəhərin yaxınlığına qədər gəlmiş və dağların çoxunu ələ keçirmişdi. Müharibənin ilk günlərində İraqın dördüncü diviziyası Gilanqərbə girdi, amma şəhərin qeyrətli kişi və qadınlarının müqaviməti sayəsində geri çəkilməyə məcbur oldu. Həmin hücumlarda yerli bir qadın oraqla iki düşmən hərbçisini öldürmüşdü. Ondan sonra əhalinin bir qismi şəhəri tərk etdi, qalanı isə gündüzlər şəhərə gəlir, gecələr İslamabad yolundakı çadır şəhərciyinə gedirdi. Ordunun Zülfüqar briqadası Gilanqərb şəhərinin yaxınlığında düşərgə salmışdı. Gilanqərb korpusunun fəaliyyətindən bir qədər ötürdü. Bu müddətdə uşaqların işi ancaq düşmənin gözlənilən hücumları qarşısında müdafiə olunmaqdan ibarət idi. İclasda təklif etdilər ki, Doktor Çəmranın cənubda və Əsğər Vüsalinin Sərpol Zəhabda yaratdığı kimi, Gilanqərbdə də bir partizan dəstəsi yaradaq. Partizan dəstəsi yaradıldı və onun rəhbərliyi İbrahimlə Cavad Əfrasiyabiyə tapşırıldı. Uşaqların təklifi ilə dəstəyə Doktor Behiştinin adı verildi. Lakin Ayətullah Behişti bölgəyə baxış keçirərkən bunu öyrənib dedi: "Siz partizan işi görürsünüzsə, dəstənin adını Şəhid Əndərzqu qoyun. Çünki islami partizan hərəkətlərinin banisi odur". İbrahim İmam Xomeyninin, Ayətullah Behiştinin və Böyük Rəhbərin şəkillərini dəstənin qərargahına vurdu və bununla rəsmi fəaliyyət başlandı. Bu nizamsız partizan dəstəsinin üzvləri adından göründüyü kimi, nizamsız idilər, orada hər cür adam vardı; yeniyetmədən tutmuş qocaya, savadsızdan tutmuş fəlsəfə doktoruna, çox dindar və gecə namazı qılanlardan tutmuş namazı yeni öyrənənlərə, hövzə təhsili almış uşaqlardan tutmuş tövbə etmiş kommunistlərə qədər. Beləliklə, müxtəlif zümrələri təmsil edən insanlar çox səmimi və sevimli bir ortamda bir araya gəldilər. Üzvlərinin sayı təxminən 40 nəfərə çatan dəstənin ortaq xüsusiyyəti qorxmazlıq və ruh yüksəkliyi idi. Praktik olaraq dəstəyə başçılıq edən İbrahim həmişə deyirdi: "Bizim komandirimiz yoxdur". O, dəstəni dostluq və qardaşlıqla çox yaxşı idarə edirdi. Dəstənin idarə sistemi elə qurulmuşdu ki, bütün işlər könüllü şəkildə görülürdü və təxminən heç kim başqasına bir söz demirdi. Bütün işlər ümumi razılıqla görülürdü. Cavad Əfrasiyabi və Rza Qudini İbrahimin həmişəki yoldaşları idilər.
***
Dəstənin gündəlik işlərindən biri yerli əhaliyə kömək etmək idi. Gilanqərb sakinlərindən çoxu bu yolla dəstəyə qatıldı. Əndərzqu dəstəsinin fəaliyyəti daha çox kəşfiyyatdan ibarət idi. Onlar dağlardan keçib düşmənin nəzarət etdiyi yerlərə dair dəqiq xəritələr hazırlayırdılar. İbrahimin kəşfiyyat üsulu çox gözəl idi: gecə yarısı bir neçə nəfərlə birgə düşmən mövqelərinə keçib onların yerləşdiyi yerlərə və imkanlarına dair çox dəqiq məlumatlar əldə edirdilər. O deyirdi ki, kəşfiyyatımız doğru və dəqiq olmasa, əməliyyatlarda uğur qazana bilmərik. İbrahim öz üsulunu digər kəşfiyyatçılara da öyrədib deyirdi: "Qəlbində qorxu olan adam uğurlu kəşfiyyatçı ola bilməz". Sonra da kəşfiyyatda dəqiqliyin sirləri haqda danışırdı. Buna görə də, dəstədə çox yaxşı və seçilmiş kəşfiyyatçılar, hətta cəsarətli komandirlər yetişdi. Nəcəf qərargahının kəşfiyyat qanadı olan Hürr briqadasının komandiri deyirdi: "İbrahim öz üsulları ilə bu briqadanın əsasını qoydu, lakin briqada yaranmazdan öncə şəhadətə qovuşdu". Şəhid Əndərzqu partizan dəstəsi özünün birillik fəaliyyətində 52 əməliyyat keçirdi. Onlar İraqın qərbdəki dördüncü diviziyasını təngə gətirdilər və ağır itkilərə məruz qoydular. Bu kiçik dəstədə böyük insanlar yetişdi. Bizim müqəddəs müdafiə dövrümüz onların rəşadətlərinə borcludur. İbrahimdən öyrənib onunla eyni dəstədə olduqlarına görə fəxr edən cəsur döyüşçülər bunlardır: Həzrət Rəsul diviziyasının komandiri Şəhid Rza Çıraği, diviziyanın komandir müavini Şəhid Rza Dəstvarə, istiqamət komandiri Şəhid Həsən Zamani, Meysəm batalyonunun komandiri Şəhid Seyid Əbülfəz Kazimi, Hüneyn batalyonunun komandiri Şəhid Rza Qudini, Müslim ibn Əqil briqadasının komandir müavini Şəhid Məhəmmədrza Əlövsət, Malik batalyonunun komandiri Şəhid Daryuş Rizəvəndi, Miqdad batalyonunun komandir müavinləri Şəhid İbrahim Hisami və Şəhid Haşim Kəlhür, diviziyanın kəşfiyyat komandirlərindən Şəhid Cavad Əfrasiyabi və Şəhid Əli Xürrəmdil, həmçinin müqəddəs müdafiə dövrünün hazırda yaşayan və İslam qurluşunun fəxrlərindən olan bir neçə böyük komandiri.