İmam Həsən (ə) bölgəsi

Düşmən mövqelərində ilk partizan əməliyyatlarına hazırlaşırdıq. Bu əməliyyat üçün İbrahim, Cavad Əfrasiyabi, Rza Dəstvarə, Rza Çıraği, mən və başqa dörd nəfər seçildik. Sonra yolları yaxşı tanıyan yerli kürdlərdən ikisi bizə əlavə olundu. Daha çox xurma və çörəkdən ibarət birhəftəlik azuqə götürdük. Çantalarımıza yetərincə silah, partlayıcı maddə və avtomobil əleyhinə mina qoyub yola düşdük. Yüksəkliklərdən, sonra da İmam Həsən (ə) çayından keçib İmam Həsən (ə) bölgəsinə daxil olduq. Düşmənin bir briqadası oraya yerləşmişdi. Dərə-təpələrin arasında gizləndik. Düşmən bizim o yüksəklikdən keçə biləcəyimizi güman etmirdi. Buna görə də, asanlıqla xəritə çəkməyə başladıq. Üç gün orada qaldıq. Güclü yağıntı işlərimizə əngəl törətsə də, uşaqların səyi ilə yaxşı xəritələr hazırlandı. Kəşfiyyat və xəritə işləri bitəndən sonra hərbi yolda avtomobil əleyhinə bir neçə mina quraşdırdıq, sonra cəld öz mövqelərimizə qayıtdıq. Hələ çox uzaqlaşmamış bir neçə partlayış səsi gəldi. Düşmən maşınlarının yandığını gördük. Biz sürətlə təhlükəli zonadan uzaqlaşdıq. Bir neçə dəqiqədən sonra düşmən tankları piyadalarla birgə bizi təqib etməyə başladı. Biz təpələrin arasından keçib özümüzü İmam Həsən (ə) çayına çatdırdıq. Çaydan keçəndən sonra isə tanklar bizi təqib edə bilmədi. Çayın arxasında yaxşı bir yer tapıb istirahət etməyə başladıq. Bir neçə dəqiqədən sonra uzaqdan helikopter səsi gəldi. Bu barədə düşünməmişdik. İbrahim dərhal xəritələri bir çantaya yığıb Rzaya verdi və dedi: "Cavadla mən qalırıq, siz tez gedin". Başqa çarə yox idi. Əlavə daraqları və bir neçə qumbaranı onlara verdik, narahat halda onlardan ayrılıb yola düşdük. Bütün bu əməliyyat həmin xəritələri əldə etməkdən ötrü idi. Bu, növbəti əməliyyatlarda qələbəyə çox kömək edəcəkdi. Uzaqdan İbrahimlə Cavadın tez-tez yerlərini dəyişdirdiklərini və J3 silahı ilə helikopterə atəş açdıqlarını görürdük. Düşmən helikopteri də tez-tez dövrə vurub onlara atəş açırdı. İki saatdan sonra yüksəkliyə çatdıq. Daha səs gəlmirdi. İbrahimi çox sevən uşaqların biri ağlayırdı. Bizim onlardan heç bir xəbərimiz yox idi, yaşayıb yaşamadıqlarını bilmirdik. Yadıma düşdü ki, bir gün öncə dərənin içində gizlənəndə İbrahim xüsusi soyuqqanlılıqla yarış keçirir və oyun oynayırdı. O qədər soyuqqanlı idi ki, düşmən mövqelərində olduğumuz barədə əsla fikirləşmirdik. Namaz vaxtı gələndə də ucadan azan vermək istəyirdi, lakin uşaqların israrı ilə çox yavaşca azan verdi və xüsusi mənəvi halla namaza başladı. O müddətdə İbrahim elə cəsarətli idi ki, uşaqların heç birində qorxu qalmamışdı. İndi isə axşam düşür və İbrahimlə son görüşümüzdən saatlar ötürdü. Təyin olunmuş yerə çatdıq. İbrahim və Cavadla danışmışdıq ki, hava işıqlaşmadan öncə özlərini oraya çatdırsınlar. Biz bir neçə saat istirahət etdik, amma onlardan xəbər çıxmadı. Hava get-gedə işıqlanırdı. Oradan getməli idik. Uşaqlar daim zikr deyir, dua oxuyurdular. Yola düşmək istəyəndə uzaqdan səs gəldi. Silahları hazırlayıb oturduq. Bir neçə saniyədən sonra səsdən İbrahimlə Cavadı tanıdıq. Hamının üzündə sevinc yarandı. Yorğunluğunu çıxarmış uşaqlarla onlara yardıma getdik və tez oradan uzaqlaşdıq. Həmin əməliyyatda əldə olunan xəritələr sonrakı hücumlarda çox işə yaradı. Bu isə qrupun cəsur uşaqlarının, o cümlədən İbrahim və Cavadın qəhrəmanlığı ilə mümkün olmuşdu. Ertəsi gün günorta İbrahimlə Cavad həmişəki kimi hazırlıqlı və enerjili idilər. Rza ilə İbrahimin yanına getdik. Mən dedim: "Dadaş İbrahim, dünən helikopter gələndə nə etdiniz?" Özünəməxsus soyuqqanlılığı ilə cavab verdi: "Allah kömək etdi. Cavadla mən bir-birimizdən ayrıldıq. Tez-tez yerlərimizi dəyişdirib helikopterə atəş açırdıq. O da tez-tez dövrə vurub bizə atəş açırdı. Patronları bitəndə də dönüb getdi. Biz də piyada qüvvələr gəlməzdən öncə tez oradan uzaqlaşdıq. Əlbəttə, yadigar qalsın deyə bizə bir neçə xırda qəlpə dəydi”.

Comments (0)

Rated 0 out of 5 based on 0 voters
There are no comments posted here yet

Leave your comments

  1. Posting comment as a guest. Sign up or login to your account.
Rate this post:
Attachments (0 / 3)
Share Your Location