İbrahim digərlərinə, hətta müharibə əsirlərinə də hörmət edirdi. O deyirdi: "Bu düşmənlərimizin çoxu cahil və məlumatsız adamlardır. Gərək həqiqi İslamı bizdən öyrənsinlər. Onda görəcəksiniz ki, onlar da Bəəs rejiminə qarşı çıxacaqlar". Məhz buna görə də bir çox əməliyyatlarda düşmənə atəş açmazdan öncə onları əsir tutmaq haqda fikirləşirdi. Əsirlərlə də çox yaxşı davranırdı. Şəhərə üç düşmən əsiri gətirdilər. Hələ onları saxlamağa yer yox idi. Onları saxlamaq İbrahimə tapşırıldı. Bizə hansı ərzaq verilirdisə, nə yeyirdiksə, əsirlərə də ondan verirdi. Bu rəftar hamının, hətta əsirlərin də onu sevməsinə səbəb oldu. Ərəbcə bir az bilirdi, bekar vaxtlarda oturub əsirlərlə danışırdı. İki gün onların yanında oldu. Nəhayət, əsirləri aparmağa maşın gəldi. Onlar İbrahimdən soruşdular: "Siz də bizimlə gəlirsiniz?" "Yox" cavabı alanda isə çox narahat oldular, ağlayaraq yalvarır və deyirdilər: "Bizi burada saxla, nə istəsən, edərik. Hətta Bəəs ordusu ilə vuruşarıq da".
***
Bazideraz dağında əməliyyat başlandı. Başqa bir döyüşçü ilə birgə digərlərindən uzaqlaşıb dağın başına doğru getdik və irəlidə bir düşmən səngərinə çatdıq. Silahla işarə verdim ki, bayıra çıxsınlar. O qədər olacaqlarını düşünməzdim. Biz iki nəfər idik, onlarsa on beş nəfər. Dedim ki, bayıra çıxın, ancaq yerlərindən tərpənmədilər. Bizim aramızda elə qaldılar ki, hər an bizə hücum edə bilərdilər. Bəlkə də bizim yalnız iki nəfər olduğumuzu düşünmürdülər. Yenidən qışqırdım: "Hərəkət edin!" Əlimlə də işarə etdim, amma hamısı arxadakı komandirə baxırdı. Bəəsçi zabit qaşlarını qaldırdı; yəni ki, getməyin. Çox qorxdum. O vaxta qədər elə vəziyyətə düşməmişdim. Qorxudan ağzım acılaşdı. Bir anlığa hamısını vurmağı fikirləşdim, amma bu, düzgün deyildi. Hər an pis hadisə baş verə bilərdi. Qorxudan silahı möhkəm tutdum, Allahdan kömək istədim. Birdən səngərin arxasından İbrahimi gördüm. Bizə doğru gəlirdi. Çox rahatlaşdım. Yaxınlaşanda əsirlərə baxa-baxa dedim: "Ağa İbrahim, kömək!" – Nə olub? – Problem o zabitdir. Bunların çıxmasına icazə vermir.Əlimlə zabiti göstərdim. Geyimi və poqonları fərqli idi. İbrahim silahını çiyninə atıb onlara yaxınlaşdı, bir əli ilə zabitin yaxasından, o biri əli ilə də kəmərindən tutub qaldırdı, bir neçə metr irəlidə qayanın yanına gətirdi. Bütün iraqlılar qorxudan yerə oturub əllərini qaldırdılar. Zabit dayanmadan yalvarıb deyirdi: "Əl-dəxil! Əl-dəxil! Rəhm! Rəhm!" Sevincimdən yerə-göyə sığmırdım. Bir qədər əvvəlki bütün qorxularım yox olmuşdu. Allah İbrahimi bizə köməyə göndərmişdi.