Şəbanın on beşi

İbrahim şəban ayının on beşində axşamüstü qərargaha girdi. Gecədən ondan xəbər yox idi. Özü ilə bir düşmən əsiri də gətirmişdi. - Ağa İbrahim, haradasan? Bu kimdir? – Gecə düşmən mövqelərinə getmişdim. Yolun kənarında gizlənib maşınların get-gəlinə fikir verdim. Yol boşalanda gördüm ki, bir minik avtomobili mənə doğru gəlir. İçində sürücüdən başqa heç kim yox idi. Tez yolu kəsib düşmən zabitini əsir tutdum. Yolda öz-özümə dedim ki, bu da bizim İmam Mehdiyə (ə) hədiyyəmiz olsun. Lakin sonra sözümə peşman oldum, düşündüm ki, biz hara, İmam Mehdiyə (ə) hədiyyə vermək hara?!” Həmin gün uşaqlarla bir yerə toplaşdıq. Hər bir mövzuda söhbət oldu. Bir nəfər İbrahimdən soruşdu: "Səncə, ən yaxşı komandirlər kimlərdir?” İbrahim bir az fikirləşib dedi: "Korpusda Məhəmməd Bürucerdi kimisini tanımıram. Məhəmməd elə bir iş gördü ki, təxminən heç kimin ağlından keçmirdi. O qədər problemə rəğmən, Kürdüstanda müsəlman kürd peşmərgələrini yaratdı və Kürdüstanı qaydasına saldı. Ordu komandirləri arasında mayor Əli Səyyad Şirazi kimisi yoxdur. O, sadə könüllü uşaqlardandır. Ağa Səyyad hərbçi olmazdan öncə mömin və hizbullahçı bir gəncdir. Hərbi Hava Qüvvələrində də nə qədər axtarsan, kapitan Şirudidən yaxşısı tapılmaz. Şirudi Sərpol Zəhabda öz helikopteri ilə düşmənin bir neçə əks-hücumunun qarşısını aldı. O, aviabazanın komandiri olsa da, o qədər sadə yaşayır ki, görsəniz, təəccüb edərsiniz. Bədən Tərbiyəsi Komitəsindən bir neçə idman ayaqqabısı göndəriləndə birini Şirudiyə verdim. Komandir olsa da, düz-əməlli ayaqqabısı yox idi”. Həmin gün söhbət öz arzularımıza çatdı. Hərə bir söz dedi. Çoxunun arzusu şəhid olmaq idi. Şəhid Seyid Əbülfəz Kazimi zarafata dedi: "Allah yaxşı və pak bəndələrini ayırır. Biz buna görə tez-tez günah edirik ki, mələklər yanımıza gəlməsinlər. Biz hələ yaşamaq istəyirik". Uşaqlar gülüşdülər. Növbə İbrahimə çatdı. Hamı onun arzusunun nə olduğunu bilmək istəyirdi. O, bir az dayanıb dedi: "Mənim arzum şəhadətdir, amma hələ yox. Mən istəyirəm ki, İsraillə müharibədə şəhid olum".

***

Sübh çağı pusqu səngərlərindən Gilanqərbə qayıtdım. Korpusun qərargahına girdim. Həmişəkindən fərqli olaraq, orada heç kim yox idi. Bir qədər axtardım, heç kimi tapmadım. Çox qorxdum. Düşündüm ki, birdən düşmənlər şəhəri ələ keçirmiş olarlar. Həyətdə qışqırdım: "Kimsə yoxdur?" Bir otağın qapısı açıldı, uşaqların biri işarə ilə məni yuxarı çağırdı. Otağa girdim. Hamı sakit halda üzüqibləyə oturmuşdu. İbrahim yandakı otaqda tək oturub yanıqlı səslə oxuyur, İmam Mehdi (ə) ilə dərdləşirdi. Səsində elə qəribə kədər vardı ki, hamı ağlayırdı.

Comments (0)

Rated 0 out of 5 based on 0 voters
There are no comments posted here yet

Leave your comments

  1. Posting comment as a guest. Sign up or login to your account.
Rate this post:
Attachments (0 / 3)
Share Your Location