Tanınmazlıq

Sübh azanından öncə qayıtdı. Çiynində şəhid cəsədi vardı, üzündən yorğunluq yağırdı. Səhər çağı məzuniyyət vərəqini alıb şəhidin cəsədi ilə birgə yola düşdük. Həm yorğun idi, həm də sevinirdi. O deyirdi: "Bir ay öncə Bazideraz dağında əməliyyat keçirdik. Yalnız bu şəhid qalmışdı. İndi ara sakitləşdiyinə görə Allahın lütfü ilə gətirə bildik". Xəbər çox sürətlə Tehrana çatmışdı. Hamı şəhidin cəsədini gözləyirdi. Ertəsi gün Xorasan meydanından izdihamlı dəfn yürüşü başlandı. Tehranda bir neçə gün qalmaq istəyirdik, amma başqa bir əməliyyat xəbəri gəldi. Qərara gəldik ki, ertəsi gün axşam məsciddən yola düşək.

***

Namazdan sonra İbrahimlə və başqa bir neçə yoldaşla məscidin önündə dayanıb söhbət edirdik. Bir qoca bizə yaxınlaşdı. Onu tanıdım; İbrahimin dağın başından gətirdiyi şəhidin atası idi. Salam verdik, o da cavabladı. Hamı sakit idi. Bizim gənc çevrəmizə yad gəlirdi, amma nəsə demək istəyirdi. Bir az sonra sükutu pozub dedi: "Ağa İbrahim, minnətdaram, zəhmət çəkmisən, amma oğlum..." Qoca bir qədər dayanıb əlavə etdi: "Oğlum səndən narazıdır".İbrahimin həmişə gülər üzü ciddiləşdi, gözləri təəccübdən böyüdü.– Axı nə üçün?Qocanı qəhər tutdu, gözləri yaşardı. Səsi də titrəyirdi.– Dünən oğlumu yuxuda gördüm. Mənə dedi ki, biz tanınmaz və itkin düşmüş halda yerdə qalanda seyidlər anası həzrət Zəhra (ə) hər gecə bizə baş çəkirdi. İndi isə belə bir şey yoxdur. Oğlum dedi ki, tanınmaz və itkin şəhidlər həzrət Fatimənin (ə) xüsusi qonaqlarıdır...Qoca daha heç nə demədi. Hamımız lal-dinməz dayandıq.İbrahimə baxdım. Gözlərindən iri yaş gilələri axırdı. Ürəyini oxuya bilirdim. Onda yaxşı bir arzu yaranmışdı: tanınmazlıq və itkinlik.

***

Bu hadisədən sonra İbrahimin cəbhəyə və şəhidlərə baxışı çox dəyişdi. O deyirdi: "Daha şübhəm yoxdur ki, bizim şəhidlərimiz Allah rəsulunun (s) və İmam Əlinin (ə) səhabələrindən geri qalmırlar".Ondan dəfələrlə bu sözü də eşitmişəm: "Kim Kərbəlada İmam Hüseynlə birgə olmağı arzulayırsa, buyursun, imtahan vaxtıdır". İbrahim əmin idi ki, müqəddəs cəbhələr məqsədə, səadətə və insani təkamülə çatmaq yeridir. Ona görə də, hara gedirdisə, şəhidlərdən danışırdı, döyüşçüləri və cəbhə uşaqlarını tərifləyirdi. Onun əxlaqı və rəftarı da günbəgün dəyişdi, bütünlüklə mənəviyyata qərq oldu. Əndərzqu düşərgəsində axşamlar adətən iki-üç saat yatır, sonra bayıra çıxırdı. Azan vaxtı da gəlib uşaqları sübh namazına səsləyirdi. Bir dəfə onun arxasınca gedib korpusun mətbəxinə keçdiyini gördüm. Ertəsi gün orada işləyən kişidən öyrəndim ki, mətbəxin uşaqlarının hamısı gecə namazı qılır. İbrahim bundan ötrü oraya gedirmiş. Bizim qərargahda qılsaydı, hamı bilərdi.Axır zamanlarda İbrahimin hərəkətləri mənə İmam Əlinin (ə) Növf Bikkaliyə buyurduğu hədisi xatırladırdı: "Mənim şiələrim gecənin abidləri, gündüzün aslanlarıdır!"

Comments (0)

Rated 0 out of 5 based on 0 voters
There are no comments posted here yet

Leave your comments

  1. Posting comment as a guest. Sign up or login to your account.
Rate this post:
Attachments (0 / 3)
Share Your Location