Yalnız Allah üçün

Dostumu görməyə getmişdim. O, qərb bölgəsində bir əməliyyatda yaralanmış, ayağından güclü zədə almışdı. Məni görən kimi sevinib təşəkkür etməyə başladı. - Seyid can, çox zəhmət çəkdin. Əgər məni geri gətirməsəydin, yüz faiz əsir düşəcəkdim. - Sən nə danışırsan?! Mən hamıdan tez silah dolu maşınla geri qayıtdım və sonra məzuniyyətə getdim. Dostum təəccübləndi. - Yox əşi, sən idin. Mənə kömək etdin və ayağımın yarasını bağladın. Məni kiminləsə səhv saldığını nə qədər deyirdimsə, qəbul etmirdi. Bir müddət ötdü. Onun sözləri haqda yenidən fikirləşdim. Birdən yadıma bir şey düşdü və İbrahimin yanına getdim. O da həmin əməliyyatda iştirak etmişdi və məzuniyyətdə idi. İbrahimlə birgə o dostumun evinə getdik. Ona dedim: "Təşəkkür etməli olduğun adam ağa İbrahimdir, mən deyiləm. Çünki mən ümumiyyətlə, bir adamı hələ dağlıq bir yerdə 8 km. apara bilmərəm. Bundan anladım ki, İbrahimin işidir; az danışan, güclü, mənim kimi boy-buxunlu və məni tanıyan. Bildim ki, budur”. İbrahim dillənmirdi. - Ağa İbrahim, cəddim haqqı, əgər danışmasan, səndən inciyəcəyəm. İbrahim də mənim hərəkətimə çox hirslənmişdi. – Seyid, nə deyim?! Sonra bir qədər dayandı və soyuqqanlılıqla davam etdi. – Mən əliboş qayıdırdım, o da bir tərəfdə yıxılıb qalmışdı. Arxamda da kimsə yox idi, təxminən axırıncı adam idim. O qaranlıqda ayağının yarasını çəkmənin ipi ilə bağladım və yola düşdük. Yolda mənə "Seyid" deyirdi, mən də bildim ki, sənin dostlarındandır. Buna görə bir söz demədim və onu təcili-yardım işçilərinin yanına apardım. Bundan sonra İbrahim məndən çox incidi, bir neçə gün mənimlə danışmadı. O həmişə deyirdi ki, Allah üçün görülmüş işi deməyə gərək yoxdur.

***

Kəşfiyyat qrupu ilə düşmən mövqelərinə girdik. Ətrafı öyrənərkən birdən orada bir qoyun sürüsünün olduğunu duyduq. Çoban yaxınlaşıb salam verdi və soruşdu: "Siz Xomeyninin əsgərlərisiniz?" İbrahim ona yaxınlaşdı. – Biz Allahın bəndələriyik. Qoca, bu dağda-daşda nə edirsən? – Yaşayıram. – Qoca, çətinliyin varmı? Qoca gülümsədi. - Çətinliyim olmasaydı, burada qalmazdım ki. İbrahim götürdüyümüz ərzaqdan ona bir qutu xurma, bir qədər çörək və digər şeylər verib dedi: "Bunlar İmam Xomeyninin sizə hədiyyəsidir". Qoca çox sevinib dua etdi və biz oradan uzaqlaşdıq. Bəzi uşaqlar İbrahimə etiraz etdilər ki, biz bir həftə burada qalacağıq, sən ərzağın çoxunu ona verdin. İbrahim dedi: "Əvvəla, bizim işimizin neçə gün sürəcəyi bəlli deyil, ikincisi isə əmin olun ki, bu qoca bizə düşmənçilik etməz. Şübhəniz olmasın ki, Allahın razılığı üçün görülən iş həmişə təsirli olur”. Azuqəmiz az olsa da, o kəşfiyyatda işimiz çox tez bitdi və hətta götürdüklərimizdən artıq da qaldı.

Comments (0)

Rated 0 out of 5 based on 0 voters
There are no comments posted here yet

Leave your comments

  1. Posting comment as a guest. Sign up or login to your account.
Rate this post:
Attachments (0 / 3)
Share Your Location