Müharibənin birinci ili idi. Məzuniyyətə çıxmışdım. İbrahimlə birgə motosikletlə Xorasan meydanına doğru gedirdik. Bir xiyabandan keçəndə birdən dedi: "Əmir, dayan!" Tez yolun kənarında dayandım və təəccüblə soruşdum: "Nə olub?" – Əgər vaxtın varsa, bir Allah bəndəsini görməyə gedək. – Yaxşı. Bir işim yoxdur. İbrahimlə bir evə girdik. Bir neçə dəfə "ya Allah" deyib bir otağa daxil olduq. Bir neçə nəfər oturmuşdu. Məclisin başında qara əbalı bir qoca vardı. İbrahimlə birgə salam verib bir tərəfdə oturduq. Hacı ağanın bir gənclə söhbəti bitdi, üzünü bizə çevirib təbəssümlə dedi: "Ağa İbrahim, sən hara, bura hara?! Nə yaxşı gəldin!" İbrahim başını aşağı salıb oturmuşdu. Ədəblə dedi: "Xəcalətliyəm, hacı ağa, hüzurunuza gəlməyə vaxt tapa bilmirəm". Onların söhbətindən anladım ki, həmin qoca İbrahimi yaxşı tanıyır. Sonra o, digərləri ilə bir qədər söhbət etdi. Otaq boşalanda üzünü İbrahimə tutub təvazökarlıqla dedi: "Ağa İbrahim, bizə bir az nəsihət ver". İbrahim xəcalətindən qızardı. Başını qaldırıb dedi: "Hacı ağa, siz Allah, bizi utandırmayın". Sonra əlavə etdi: "Biz sizi ziyarət etməyə gəlmişik, inşallah həftəlik məclisdə hüzurunuza gələrik". Sonra ayağa qalxıb sağollaşdıq və getdik. Yolda ona dedim: "İbrahim can, sən də bu babaya bir az nəsihət verərdin, daha qızarıb-saralmağa nə gərək vardı?!" Sözümü kəsib dedi: "Nə danışırsan, Əmir can, sən onu tanıdın?" – Yox. Doğrudan, kim idi? – Bu ağa Allah övliyalarındandır, amma çox adam bilmir. O, Hacı Mirzə İsmayıl Dolabidir. Camaat Hacı ağa Dolabini illər sonra tanıdı. Mən Məhəbbət bağı kitabını oxuyandan sonra onun İbrahimə necə böyük söz dediyini anladım.
***
Ölkənin qərbində mühüm əməliyyatlardan biri sona çatdı. Bəzi danışıqlardan sonra döyüşçülərin çoxu həzrət İmam Xomeyninin ziyarətinə getdilər. İbrahim həmin əməliyyatda iştirak etsə də, Tehrana getmədi. Ondan bunun səbəbini soruşanda dedi: “Bütün uşaqlar cəbhəni boşalda bilməzlər. Gərək bir neçə nəfər qalsın”. – Həqiqətən, buna görə getmədin? Bir qədər dayanıb dedi: "Biz rəhbəri görmək üçün yox, əmrlərini icra etmək üçün istəyirik". Sonra əlavə etdi: "Rəhbərimi görə bilməməyim önəmli deyil. Önəmli olan budur ki, əmrlərini yerinə yetirim və rəhbərim məndən razı qalsın". İbrahim fəqih rəhbər məsələsinə çox həssas yanaşırdı və İmam Xomeyni barədə yüksək fikirləri vardı. O deyirdi: "Qədim və yeni alimlər arasında heç kim imam qədər cəsarətli deyil". İmam Xomeyninin müraciətləri yayımlananda diqqətlə dinləyib deyirdi: "Əgər dünya və axirət istəyiriksə, imamın sözlərinə əməl etməliyik". Gənclik çağından məhəllənin çoxlu ruhaniləri ilə əlaqəsi vardı. Əllamə Cəfəri bizim məhəllədə yaşayanda ondan çox bəhrələnirdi. Şəhid Behiştini və Şəhid Mütəhhərini də gənc nəslə gözəl örnək hesab edirdi.