Ziyarət

Müharibənin birinci ili idi. Əndərzqu dəstəsinin uşaqları ilə Gilanqərbin şimalındakı dağlardan birinə getdik. Sərhədə baxan təpələrin birinin başına çıxdıq. Zastava düşmənin əlində idi. İraq maşınları ətraf yollarda asanlıqda get-gəl edirdilər. İbrahim dua kitabçasını açdı və uşaqlarla birgə Aşura ziyarətnaməsi oxuduq. Mən düşmən tapdağı altında qalmış bölgələrə həsrətlə baxıb dedim: "İbrahim can, sərhəd yoluna bax, düşmənlər rahatlıqla gedib-gəlirlər. Görəsən bir gün bizim xalqımız bu yollardan rahatlıqla keçib öz şəhərlərinə gedə biləcək?" Fikri məndə deyildi, çox uzaqlara baxırdı. Birdən gülümsəyib dedi: "Nə danışırsan?! Bir gün gələcək bizim xalqımız bu yolla dəstə-dəstə Kərbəlaya gedəcək". Qayıdanda uşaqlardan zastavanın adını soruşdum. Biri dedi: "Xosrovi sərhədi". İyirmi ildən sonra Kərbəlaya gedəndə gözüm həmin dağa sataşdı. İbrahim onun başında Aşura ziyarətnaməsi oxumuşdu. Sanki İbrahimi görürdüm; bizi yola salırdı. O dağ Xosrovi zastavasının düz qarşısında idi. Həmin gün avtobuslar sərhədə doğru gedir, xalqımız dəstə-dəstə Kərbəla ziyarətinə axışırdı.

***

Tehranda olanda ağa İbrahimin cümə axşamı proqramı həzrət Əbdüləzimi ziyarət etmək idi. O deyirdi: "Cümə axşamı Allahın rəhmət axşamıdır, Əbu Abdullah Hüseyni (ə) ziyarət gecəsidir. Bütün övliya və mələklər Kərbəlaya gedirlər, biz də Əhli-beytin Kərbəla savabına bərabər göstərdiyi bir yerə gedirik". Orada Kumeyl duasını oxuyur və gecə saat 1-də qayıdırdı. Bəsic proqramları başlayandan sonra isə ziyarətdən birbaş məscidə Bəsic uşaqlarının yanına gedirdi. Bir gecə məqbərədən birlikdə çıxdıq. Mən tələsdiyimdən uşaqların birinin motosikleti ilə məscidə gəldim, İbrahim isə iki-üç saatdan sonra çatdı. Gecikməsinin səbəbini soruşanda dedi: "Məqbərədən piyada yola düşdüm, yolda Şeyx Səduqu da ziyarət etdim. Qədim tehranlılar deyirlər ki, İmam Mehdi (ə) cümə axşamları Şeyx Səduqun məzarını ziyarət edir". – Bəs nə üçün piyada gəldin? Düz-əməlli cavab vermədi. – Sən məscidə gəlməyə tələsirdin, amma piyada gəldin. Bunun mütləq bir səbəbi olmalıdır. Çox soruşandan sonra dedi: "Məqbərədən çıxanda çox ehtiyaclı bir adam yaxınlaşdı, mən də cibimdəki pulu ona verdim. Taksiyə minmək istəyəndə gördüm ki, pulum yoxdur. Buna görə piyada gəldim".

***

Son zamanlarda hər həftə ziyarətə gedirdik, gecə yarısı da Behişti-Zəhra (ə) şəhid məzarlığına yollanırdıq. İbrahim orada bizə rövzə oxuyurdu. O, bəzi gecələr qəbrə girib çox yanıqlı səslə Kumeyl duasını oxuyur, ağlayırdı.

 

Comments (0)

Rated 0 out of 5 based on 0 voters
There are no comments posted here yet

Leave your comments

  1. Posting comment as a guest. Sign up or login to your account.
Rate this post:
Attachments (0 / 3)
Share Your Location